
Fevralın 28-də Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXV Baş Məclisi (qurultayı) keçirilib. Qurultayda 286 nümayəndə, millət vəkilləri, Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev və digər şəxslər iştirak edib.
Gununsesi.info-nun xəbərinə görə, qurultayda çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov bildirib ki, cəmiyyətin hazırda 370 min üzvü, 25 min könüllüsü var. O, qeyd edib ki, AzQAC ən böyük sosial bazaya malik olan qeyri-hökumət təşkilatıdır: “Bu təşkilat humanitar diplomatiya üsulu vasitəsilə beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq edir. Eyni zamanda bu qurum öz hökumətinə, dövlətinə humanitar məsələlərin həllində yardımçı olur”. N. Aslanov həmçinin bildirib ki, AzQAC yeganə təşkilatlardandır ki, öz beynəlxalq tərəfdaşlarına da yardım edir: “…Hər bir Milli Cəmiyyət, ilk növbədə, öz ölkəsində Hərəkatın beynəlxalq komponentləri tərəfindən dəstəklənərək, özünün güclü könüllü şəbəkəsinə arxalanaraq, humanitar sahədə öz hökumətinə yardımçı rolunu nümayiş etdirir. Eyni zamanda gələcəyə doğru addım atan Milli Cəmiyyət dəyişən dünyaya uyğunlaşmağa hazır olmalı, öz şəffaфlığını qorumalı və bununla da ən güclü, qabaqcıl humanitar təşkilatlardan birinə çevrilməlidir…”. N. Aslanov qarşıdan gələn prezident seçkilərinə də toxunub. O, “qızıl ayparaçılar”ı prezident seçkilərində fəal iştirak etməyə və ölkənin gələcəyi naminə layiqli namizədə səs verməyə dəvət edib.
Prezident Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında ilk öncə deyib ki, “Cümhuriyyət İli” ilə bağlı yaxın zamanlarda Azərbaycanda bir sıra yüksək səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulur. PA rəsmisi qeyd edib ki, bu il Azərbaycan dövləti və dövlətçiliyinin tarixində çox mühüm ildir: “Bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 ili tamam olunur və bununla bağlı ölkə prezidenti tərəfindən Azərbaycanda “Cümhuriyyət İli” elan olunub. Odur ki, yaxın zamanlardan etibarən Azərbaycanda bununla bağlı bir sıra yüksək səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulur və bu istiqamətdə artıq konkret addımlar atılır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də məhz AXC-nin yadigarıdır. Düzdür, Cümhuriyyətimizin ömrü uzun çəkmədi və bu baxımdan, Qızıl Ayparanın da fəaliyyəti çox davam etmədi, o, sovet dönəmində başqa bir qurumun yerli filialı kimi fəaliyyət göstərdi.Azərbaycan müstəqillik əldə etdikdən, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu təşkilat müstəqil təşkilat kimi fəaliyyət göstərməyə, inkişaf etməyə başladı. Düşünürəm ki, Qızıl Aypara da ötən 98 illik fəaliyyətinə bir daha nəzər yetirmək üçün “Cümhiriyyət İli” çərçivəsində öz tədbirlərini keçirəcək və AXC-nin yüz illiyinə öz töhfəsini verəcək”.
Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov isə çıxışında deyib ki, “Qızıl Aypara” 1920-ci il martın 10-da təsis edilməklə AXC-nin varisi sayılır və 98 illik fəaliyyəti dövründə çox böyük və şərəfli bir yol keçib. Komitə sədri çıxışında N. Aslanovun fəaliyyətini xüsusi qiymətləndirib: “1999-cu ildən rəhbərlik etdiyiniz bu qeyri-hökumət təşkilatı özünün fundamental prinsiplərinə – humanizm, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllü xidmət, vahidlik və universallıq prinsiplərinə sadiq qalaraq işinin öhdəsindən bacarıqla gəlir, əvvəllər o qədər də tanınmayan Qızıl Aypara Cəmiyyətinin hazırda mövcudluğunu əhatəli surətdə göstərməklə yanaşı ictimaiyyət üçün lazımli bir təşkilat olduğunu sübut etmişdir. Sizin yorulmaq bilmədən əzmkarlıqla çalışmağınız, insanlara bəslədiyiniz yüksək ehtiram, şəxsi hörmət və nüfuzunuz sayəsində Sizə xas olan çox işgüzar və mehriban bir kollektiv formalaşdırmaqla Cəmiyyətin üzvlərinin sayını 300 minə, könüllülərin sayını 20 minə çatdıraraq böyük bir qüvvəyə çevrilmişiniz. Bunun nəticəsidir ki, başqalarından və əvvəlki dövrlərdən fərqli olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti hazırda heç bir donordan asılı olmayaraq özünü donora çevirərək sərbəst fəaliyyət göstərir. Böyük fərəh hissi ilə qeyd edirik ki, bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti Somaliyə, Türkiyəyə, İrana, Ukraynaya və digər ölkələrə baş verən təbii fəlakətlərə görə humanitar yardımlar göstərir. Əbəs yerə deyildir ki, Cəmiyyətinizin 11 nəfər şəfqət bacısı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali medalı sayılan Florens Naytingeyl medalı ilə təltif olunmuşlar. Biz çox şadıq ki, Siz özünüzü yüksək hörmətə layiq rəhbər kimi göstərməklə yanaşı həm də Milli Məclisin “Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili” adına layiq görülmüş deputatı, tanınmış bəstəkar və ictimai xadimsiniz”.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da öz növbəsində bildirib ki, bu gün ölkəmizdə çoxsaylı qeyri-hökumət təşkilatları mövcuddur və sərbəst fəaliyyət göstərirlər, AzQAC da bunun bir nümunəsidir:
“O, nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə layiqli yer tutub. Qurum bu illər ərzində humanizm prinsiplərini əsas götürüb və onun fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər”. Ə. Həsənov qeyd edib ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycanda 15 ofisi fəaliyyət göstərir: “Bütün ofislər bir-biri ilə sıx əməkdaşlıq şəraitində işləyirlər. AzQAC ölkəmizdə fəaliyyət göstərən ən böyük müstəqil QHT-dir. Onun müstəqilliyini şərtləndirən əsas amil heç bir donordan asılı olmamasıdır. Təşkilat çətin vəziyyətdə olan insanlara kömək edir, çoxsaylı humanitar layihələr həyata keçirir”.
Sonra Baş Məclisin gedişi zamanı adıçəkilən qurum tarixində ilk dəfə olaraq, gizli səsvermə keçirilib.
Gizli səsvermənin nəticələrinə əsasən N. Aslanov yenidən “Qırmızı Aypara”nın prezidenti, Qafar Əsgərzadə və Rövşən Əliyev isə vitse-prezident vəzifələrinə seçiliblər.
H. NİHAT
Gununsesi.info












