Gununsesi.info modern.az-a istinadən məlumat verir ki, hazırda qəbiristanlıqlarla bağlı yeni qanun layihəsi ilə bağlı nə Milli Məclisin İctimai birliklər və dini qurumlar, nə də parlamentin müvafiq qanunvericilik şöbəsində iş aparılır. Hətta yeni qanun layihəsinin “Milli Məclisin 2018-ci il qanunvericilik işlər planı”na belə daxil edilməyəcəyi bildirilir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Azərbaycanda nümunəvi qəbiristanlıqların salınmasını, vahid ölçüdə qəbirüstü abidələrin qoyulmasını nəzərdə tutan sənədin hazırlanması ilə bağlı məsələnin komitədə müzakirə olunmadığını bildirdi:

“Bu, sadəcə bir ideya kimi verilib və mətbuatda səsləndirilib. Amma belə bir qanun layihəsi Milli Məclisdə hələ ki yoxdur. Bu il üçün də qanun layihəsi “Milli Məclisin qanunvericilik işlər planı”na daxil edilməyib”.

Qeyd edək ki, məsələ əvvəllər bir neçə dəfə Milli Məclisin iclasında gündəmə gətirilmiş və nümunəvi qəbiristanlıqlara dair sənədin hazırlanacağı bildirilmişdi.

Gununsesi.info