Öldürülən jurnalistin anası: “Ailəmizin sevinci Rasimlə getdi”

  • By admin
  • 09 Avqust 2016 19:18

r1

Bu gün mərhum jurnalist Rasim Əliyevin qətlə yetirilməsindən 1- il ötür. Gununsesi.info-nun əməkdaşı mərhum jurnalistin ailəsinə baş çəkib.

Mənzillərində bizi qarşılayan mərhumun anası Teyfurə xanımı oğlunu itirdiyi gün olduğu kimi görürük. Ötən bir ili Rasimsiz yaşayan ananın gözlərininin dərinliyindəki kədər açıq oxunur. Oğlunun adı çəkilən kimi göz yaşlarını saxlaya bilməyən ana Rasimin ölümünün bu ailənin əbədi zərbəsi kimi qiymətləndirdi: “Özü getdi, bizi ömürlük gözü yaşlı qoyaraq, getdi.
Teyfurə xanım, Rasimin keçmişindən – onun lap körpə vaxtlarından, məktəbə getməsindən, necə savadlı uşaq olmasından danışdı… və danışdıqca da göz yaşları içində boğulurdu. Rasimin ölümündən bu qədər vaxt keçməsinə baxmayaraq, ana hələ də övladının haqqında danışanda “Rasim nə vaxtsa evimizə qayıdacaq, qapını döyüb ana, mən gəldim deyəcək. Axı, necə ola bilər ki, Rasim bizi tərk etsin?”

r2

Anası deyir ki, Rasim ailənin böyük uşağı idi, özündən başqa bir bacısı var: “Rasimi məhlədə hamı yaxşı tanıyırdı. Onun necə ağıllı, savadlı, düşüncəli və idmançı biri olduğunu hər kəs yaxşı bilirdi. Kiçik yaşlarından hər kəsin sevgisini və hörmətini qazanmışdı, həm məktəbdə, həm işlədiyi yerdə, eyni zamanda dostları arasında. Heç vaxt ağlıma gəlməzdi ki, Rasimi bir gün itirə bilərəm. Rasim öldüyü gündən ailəmizin sevinci onunla bərabər getdi. Həyatda çox çətinliklər gördüm və hamısına sinə gəlməyi bacardım, amma Rasimin vaxtsız ölümüylə hələ də barışa, onun həyatda olmadığına inana bilmirəm.
Mən həyatda Rasimsiz sağkən, nəfəsi üstündə igidi ölmüş, ağlar qalmış bir anayam. Rasimlə nəfəs alırdım, ona görə narahat olurdum, onunçun ayrıca yeməklər bişirirdim. Onun ən çox sevdiyi bayram “Novruz” Bayramı idi. Heç vaxt düşünməzdim ki, illər sonra Rasimsiz bayramlar və mənasız günlər keçirək. Rasimin ən çox xoşladığı şirniyyat şəkərbura idi. Elə olurdu ki, Rasim şəkərburanı bayrama qədər yeyib bitirirdi. Onu belə görəndə çox sevinirdim və yenidən bişirməli olurdum. Onu körpə uşaq kimi bəsləyirdim, tez-tez zəng vururdum ki, “Rasim nə gec gəldin?!”, “Birdən başına bir iş gələr”, “Tez qayıt.” və s.Rasim sanki həyatımıza  quş  kimi uçub gəlmişdi və həyatımızdan da “quş” kimi birdəfəlik uçub getdi. Elə o gündən də evimizin çırağı həmişəlik söndü”.

rasim

“İndi o gülü mənə onun yoxluğunu əvəz edən Gülərim alır”

Teyfurə xanım deyir ki, həyatda ən böyük arzusu Rasimin toyunu görmək idi: “Atası sevinclə onun üçün ev tikdirirdi, toy edib gəlin gətirəcəydik, o da qismət olmadı, arzumuz qəlbimizdə  puç oldu.
Hər qapı döyüləndə elə bilirəm gələn Rasimdi, hər il “8 Mart” bayramında Rasim mənim üçün mütləq gül alırdı, “mənim anam hər şeyin yaxşısına layiqdir” deyib, üz-gözümü tumarlayıb məni bağrına basıb öpürdü. Bu il “8 Mart” günün də gözüm qapıda qaldı, bəlkə Rasimim gələ, yenə məni bağrına basıb əzizləyə deyə düşünürdüm. Amma Rasim gəlmədi. Çünki o bizi həmişəlik tərk etmişdi. Təbii ki, ağlar qalmış bir ana üçun bunu düşünmək çox dəhşətdir amma mən hər gün bu faciəni yaşayıram. Bu il də “8 Mart” günün də  o gülü mənə, onun yoxluğunu əvəz edən Gülərim aldı. Gülərim həmin günü məni tək qoymadı.  Gülər çox yaxşı qızdı, onunla çox təsəlli tapırıq. Gülərimin bizə gəlişi, bizi  daim diqqət mərkəzində saxlaması, tez-tez hal-əhval tutması əlbəttdə ki, bizi ruhlandırır. Onu da deyim ki, Rasimin ölümü tək bir ailənin yox, iki ailəni məhv etdi, Gülərin də arzusunu, sevgisini yarıda qoydu. Allah heç bir ananı övladıyla sınağa çəkməsin, olduqca ağır durumdayam, Həftədə ən azı iki dəfədən çox olmaqla Rasimin qəbrini mütləq ziyarətə gedirik və beləcə təsəlli tapmağa çalışırıq”.

“Mən onlarla təsəlli tapıram…”

Son da, Teyfurə xanım Rasimin bütün dostlarına və media nümayəndələrinə dərin minnətdarlığını bildirdi: “Mən onlarla təsəlli tapıram, bizi tez-tez yad edirlər, zəng edirlər, evimizə gəlirlər və dərdimizə şərik olurlar. Əzizlərim, Allah hər birinizdən razı olsun və sizi qorusun”.

 

Xatırladaq ki, keçən il Avqustun 8-də 2015-ci il tarixində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sabiq sədri, jurnalist və hüquq müdafiəçisi Rasim Əliyev sui-qəsdə məruz qalıb. O, amansızcasına döyüldükdən sonra avqustun 9-na keçən gecə xəstəxanada müəmmalı şəraitdə vəfat edib. Bu gün avqustun 9-u Rasim Əliyevin ölümündən 1 il ötür.

Ülviyyə Xəlil