Ölkəmizdə QİÇS-ə yoluxanların sayı artıb - MÜSAHİBƏ

  • By admin
  • 02 Dekabr 2017 23:35

Azərbaycanda bu ilin 10 ayı ərzində 437 nəfərdə yeni HİV-ə (İİV – İnsanda İmmunçatışmazlığı Virusu) yoluxma faktı aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə departamentinin rəhbəri Natiq Zülfüqarov deyib.

BBC Azərbaycanca Natiq Zülfüqarovla söhbət edib.

Natiq bəy, Azərbaycanda hazırda AİDS-ə yoluxma ilə bağlı vəziyyət necədir?

– Ölkədə hazırda 5 549 nəfər mərkəzdə qeydiyyatdadır. Bu il 437 nəfərdə İİV aşkarlanıb. Onun 431-i Azərbaycan vətəndaşıdır. 437-nin isə 275-i kişidir, 156-ı qadındır. Ümumulikdə isə, virusa yoluxanların 4 minə yaxını kişi, 1500-dən çoxu qadındır. Yaş kateqoriyasına gəlincə, bütün dünyada olduğu kimi bizdə də 25-45 yaş arasıdır.

Regionlar üzrə göstəricilər necədir?

– 10 min əhali hesabına düşən İİV daşıyıcılarının sayına görə, Lənkəran, Sumqayıt, Hacıqabul, Şirvan, Masallı, Astarada daha çoxdur.

Ötən il də Masallı istisna olmaqla, bu regionların adı çəkilmişdi.

– Bəli, çünki əsas risk qrupu narkotika istifadəçiləridir. Bu regionlar üzrə də İİV daşıyıcılarının aşkar olunması daha çoxdur.

Natiq bəy, aşkar olunma məcburidir, yoxsa, könüllü xarakter daşıyır?

– Qətiyyən məcburi deyil. Azərbaycanda yalnız məhkəmə qərarı ilə məcburi analiz götürülə bilər. Belə məhkəmə qərarı isə il ərzində bir-iki dəfə olar, ya yox. Qalan 700 min-1 milyona yaxın müayinə həyata keçirmişik. Hamısı könüllü surətdə həyata keçirilib.

Yəni, bu insanlar QİÇS mərkəzinə gəliblər müayinə üçün, ya…

– Xeyr, bizim mərkəzə gəlməyə ehtiyac yoxdur, respublikada 12 regional laboratoriyamız, 50 könüllü məsləhət müayinə kabineti var, müxtəlif dispanser və klinikalarda da laboratoriyalar var, onlara müraciət edirlər.

Natiq bəy, insanlar məhz İİV-dən analiz vermək üçün müraciət edirlər, ya hansısa xəstəliklər və ya əməliyyat zamanı onlardan analiz götürülür?

– Bəli, tutaq ki, kimsə onkoloji xəstədir, əməliyyata hazırlaşır, ona təklif olunur ki, İİV-dən də analiz versin. Pulsuz müayinədir, heç kim imtina etmir. Basqa analizlər üçün qan nümunələri də götürüləndə, həkim 1 mm də artıq çəkir.

Qan analizi götürülərkən, pasiyentdən xəlvət İİV üçün də əlavə qan çəkmək olarmı?

– Qətiyyən. Mütləq belə bir analiz pasiyentə təklif edilməlidir və onun razılığı əsasında aparılmalıdır. Biz 200 minə qədər hamilə arasında müayinə aparmışıq. Yəni, İİV üçün ayrıca müraciət etməyə ehtiyac yoxdur. Risk qrupları var, bu qruplara aid edilə bilinən pasiyentlərə İİV analizi təklif edilir.

Bəs İİV-ə yoluxmadan sonra müalicə məsələləri necədir?

– 2006-cı ildən etibarən, ölkədə İİV-in müalicəsi aparılır və bu, dövlət hesabına qarşılanır. Dərmanlar özəl apteklərdə satılmır, yalnız mərkəzin aptekinə resept təqdim edilən adama dərman verilir. Resepti də bizim həkimlər yazır. Hal-hazırda 4 min pasiyent müalicə prosesinə cəlb olunub. Onlardan 500-ə yaxını bu il müalicəyə cəlb olunub. İİV-in dördüncü, ən ağır mərhələsindən müalicə alanların sayı 1500-ə yaxındır. İndiyə kimi bu virusla yoluxmadan 900-ə qədər adam vəfat edib.

Natiq bəy, Azərbaycanda insanlar İİV-lə bağlı nə qədər məlumatlıdırlar?

– Biz çoxlu maarifləndirmə işləri aparmışıq, zənnimcə, indi daha çox məlumatldırlar və reaksiyalar yumşalıb. Biz deyirik ki, İİV qorxulu deyil, müayinə ol, yoluxmusansa, müalicə al.

Natiq bəy, bu yaxınlarda Daxili İşlər Nazirliyi məlumat yaydı ki, cinsi azlıqlar müayinədən keçirilib və onlarda yoluxucu xəstəliklər aşkarlanıb. Bu xəstəliklər arasında İİV, QİSC olması vurğulanırdı. Müayinəni QİSC mərkəzi aparmışdı?

– Bu şəxslər cinsi oriyentaisyasına görə yox, qanunun tələbini pozaraq, seks biznesi fəaliyyəti ilə məşğul olduğu üçün saxlanmışdı. Bu şəxslər bizdə könüllü olaraq, müayinədən keçirildi.

Onlar saxlandıqdan sonra sizə müraciət elədilər ki, bizi müayinə edin?

– Onlar saxlandıqdan sonra müayinədən keçirilməsi üçün bizə müraciət edildi. Bizə müxtəlif qurumlar çox söz deyə bilər, amma əməkdaşlarımız ixtisaslaşmış, təlimlər keçmiş, məlumatlı həkimlərdir. Ora kim gəlir, gəlsin, şəxsin özünün razılığı olmadan, biz onu müayinədən keçirmirik.

Azərbaycancaya da danışan bəzi cinsi azlıqlar məhz müayinə edilməklərindən, polisin onlara yoluxucu xəstəliyə tutulduğunu söyləməsindən şikayətlənmişdilər. Siz müayinənin nəticələrini polislə bölüşdüzmü?

– Biz DİN-ə şəxslə bağlı heç bir məlumat vermirik. Heç kimə vermirik. Yalnız ümumi statistik məlumatı paylaşırıq.

Amma DİN məhz bu hadisə ilə bağlı yaydığı məlumatda saxlanan şəxslərin bəzilərində yoluxucu xəstəliklər, o cümlədən, QİSC aşkarlandığını bildirmişdi.

– Biz bu məlumatı verməmişik. Deyək ki, 50 nəfəri müayinə etmişik, bəzisində virus aşkarlanıb. Biz desək ki, 5 nəfərdə virus aşkarlamışıq, artıq bu 50 nəfərə şübhəli gözlər baxacaq. Ona görə də belə məlumatı açıqlamırıq ki, necəsində vuris aşkarlanıb. Pasiyentin məxfiliyini saxlayırıq.

Gununsesi.info