Ölkəni mümkün risklərdən qorumaq əsas vəzifələrdir - İLHAM ƏLİYEV

  • By admin
  • 24 May 2019 15:47

Azərbaycan bütün müsəlman ölkələri ilə sıx əlaqələr qurub və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verir.

Gununsesi.org xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin verdiyi iftar yeməyində çıxış edərkən bildirib.

Azərbaycan və müsəlman ölkələri beynəlxalq müstəvidə bir-birini daim dəstəkləyir, deyə prezident qeyd edib.

“Bu gün, dünyada gərginliyin davam etdiyi bir vaxtda Azərbaycanda sabitliyi qoruma, xalqın rifahını yaxşılaşdırmaq, ölkəni mümkün risklərdən qorumaq əsas vəzifələrdir”, deyə prezident sözünə davam edib.

O qeyd edib ki, Azərbaycan islamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya çatdırır və bu fəaliyyət bundan sonra da davam etdiriləcək.

Dağlıq Qarabağ probleminə toxunan Əliyev Dağlıq Qarabağı tarixi Azərbaycan torpaqları adlandırıb və ölkənin ərazi bütövlüyünün bərpa edilməli olduğunu vurğulayıb.

O bildirib ki, Azərbaycanda tarixi, dini abidələr qorunur, son illərdə yüzlərlə məscid tikilib, təmir edilib. “Ölkədə dinlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənir. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparıldığı mərkəzə çevrilib. Azərbaycanın uğurlu, dayanıqlı inkişafı bundan sonra da təmin olunacaq, ölkə qarşısında duran vəzifələr icra ediləcək”, deyə Əliyev bildirib.