
Bu gün Azərbaycan hökumətinin apardığı iqtisadi islahatların qarşısında dayanan ən böyük maneə ölkənin bank sistemindəki acınacaqlı vəziyyətdir.
Gununsesi.info xəbər verir ki, bunu sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bank sektorunda yaranmış durumu şərh edərkən deyib.
Onun sözlərinə görə, bunun belə olduğunu Prezident İlham Əliyev son müşavirələrin birində çox aydın bir şəkildə ifadə etdi: “Çıxışında o, çox haqlı olaraq “Bizim iqtisadiyyatımıza ən böyük zərbəni də banklar vururlar” dedi. Ona görə də bu gün hökumətin və Mərkəzi Bankın ən öndə vəzifələrindən biri qısa zaman ərzində ölkənin bank sektorunun yenidən qurulmasına aparan sürətli islahatlar keçirməkdən ibarətdir”.
Sabiq nazir bildirib ki, indi bütün iş adamları, sahibkarlar bank sisteminin onlara üz tutacagı günü gözləyir. “Bu islahatlar nəticə etibarilə ümumi iqtisadi inkişafımız üçün hava və su qədər lazım olan iqtisadiyyatın pul təminatına yol açmalıdır. Bunun alternativi yoxdur. Bu gün Azərbaycanda iqtisadiyyatın pul təminatı 15% ətrafındadır. Bu göstərici inkişaf etmiş ölkələrdə 100, 150 və bəzən 200 %-i ötür. Rusiya və Qazaxıstan kimi bizimlə eyni məkanında olan neft ölkələrində isə bu göstərici 50 faiz ətrafındadır. Lakin həmən ölkələrdəki bir çox rəsmilər belə bunun çox az olduğunu təkidlə qeyd edib, tənqid atəşinə tuturlar”- deyə, F.Yusifov bildirib.
Mürtəza
Gununsesi.info












