Ombudsman Belçika səfirini qəbul edib

  • Müəllif: admin
  • 10 Fevral 2017 09:35

 

belciika

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Belçikanın ökəmizə yeni təyin edilmiş səfiri cənab Bert Schoofsu  qəbul edib.

Bu haqda Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Müvəkkil qonağı salamlayaraq, bu görüşün gələcək uzun müddətli əməkdaşlığın başlanğıcı olacağına ümid bəslədiyini bildirib.

E.Süleymanova qonağa Ombudsman təsisatının yaradılması, çoxşaxəli fəaliyyəti, dörd regional mərkəzi, təsisatın beynəlxalaq əlaqələri haqqında geniş məlumat verib.

Qeyd edilib ki, Ombudsman haqqında Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklər nəticəsində BMT-nin «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyasının Fakültativ Protokolunun tələblərinə uyğun olaraq, Müvəkkilin Milli Preventiv Mexanizm (MPM) kimi səlahiyyətləri hüquqi baxımdan tənzimlənib.

Ombudsman 2009-cu ildə MPM qismində müəyyən edildikdən sonra Milli Preventiv Qrupunun (MPQ) yaradıldığını, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, psixiatriya xəstəxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara müntəzəm olaraq başçəkmələr həyata keçirdiyini bildirib.

Habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi ilə bağlı Ombudsman haqqında Konstitusiya Qanununa əlavə və dəyişikliklər edilməsi barədə məlumat da diqqətə çatdırılıb.

Müvəkkil əlavə edib ki, BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyaları da Ombudsmana həvalə edilib.

Ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə üç mühüm strateji sənəd – İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı (1998), Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı (2006) və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı (2011), milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Sözügedən sənədlərin icrasına sistemli və məqsədyönlü yanaşma əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli müdafiəsinə zəmin yaradıb.

Qeyd olunib  ki, Ombudsmanın təşəbbüsü və bilavasitə iştirakı ilə Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə respublikamızın hər bir şəhər və rayonunda yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, yerli icmaların, geniş ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.

Əlavə edilib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Müvəkkilin tövsiyyələri də nəzərə alınmaqla 250-ə yaxın beynəlxalq Konvensiyaya qoşulmuş, milli qanunvericilik bu konvensiyalara uyğunlaşdırılaraq daha da təkmilləşdirilib.

Müvəkkil, həmçinin, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ( DİM) üzrə proritetlərin artıq müəyyən edildiyini və onların icrası istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb. Qeyd edilib ki,  Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması BMT-nin Baş Katibi, həmçinin bir sıra beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib.

Qonaq faydalı fikir və məlumat mübadiləsinə görə, E.Süleymanovaya təşəkkürünü bildirərək, Belçika və Azərbaycanın oxşar cəhətləri və ortaq dəyərləri haqqında danışıb. Bert Schoofs  Ombudsmanın insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirib, təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüşdə qonağı maraqlandıran suallar ətraflı cavablandırılıb.

Gülnaz Qənbərli

Gununsesi.info