Ombudsman Dövlət Bayrağı Gününü Cocuq Mərcanlıda qeyd edib - FOTOLAR

  • By admin
  • 09 Noyabr 2017 16:48

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Dövlət Bayrağı Gününü Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri ilə qeyd edib.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, Elmira Süleymanova, Füzuli və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Burada cəbhə bölgəsində xidmət edən əsgər və zabitlərlə görüşən E.Süleymanova onları Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb. Dövlət bayrağımızın müqəddəsliyindən danışan ombudsman onun işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında buna nail olunacağına inamını ifadə edib.

Cocuq Mərcanlıya gələn Elmira Süleymanova kənd sakinləri, məktəbin müəllim və şagirdləri ilə görüşüb, məktəblilərlə dövlət bayrağı və uşaq hüquqları mövzusunda söhbətlər aparıb. Məktəbin direktoruna sertifikat və xatirə medalı təqdim edilib, kitabxanaya və şagirdlərə insan hüquqlarına dair kitablar hədiyyə olunub.

Ombudsman Cocuq Mərcanlıda tikilən və Şuşa məscidinin bənzəri olan məscidə də gəlib. Burada şəhidlərin ruhuna dua oxunub. Elmira Süleymanova 1994-cü ilin aprelindən Cocuq Mərcanlıda yaşayaraq, vətənpərvərlik və fədakarlıq nümunəsi göstərən Oqtay Həziyevin evinə də baş çəkib, ailəsi ilə səmimi söhbət edib, hədiyyələr verib.

Ombudsman Elmira Süleymanova jurnalistlərə müsahibəsində deyib:

“2016-cı ilin aprel döyüşləri zamanı torpaqlarımızın bir hissəsi işğaldan azad edildi və Lələtəpə yüksəkliyində üçrəngli bayrağımız dalğalanmağa başlandı. Uzun illər idi ki, biz qələbə həsrəti ilə yaşayırdıq. Aprel döyüşləri bizə qələbə sevincini daddırdı. Bu, işğalda olan torpaqlarımıza böyük qayıdışa aparan yoldur. Bu, respublikamızın ərazi bütövlüyünün təmin olunmasına, dövlət bayrağımızın hazırda işğal altında olan torpaqlarımızda dalğalanacağına bir inamdır”.

 

 

Gununsesi.info