Ombudsman hemofialiyalı şəxslərin hüquqlarına dair konfransda çıxış edib

  • By admin
  • 16 Dekabr 2017 12:38

 

Hemofiliyalı Şəxslərin Respublika Assosiasiyasının 20 illik fəaliyyətinə həsr olunmuş hesabat konfransı keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin, tibb işçilərinin, həmin təşkilatın üzvü olan hemofiliyalı şəxslərin qatıldığı bu tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova iştirak edib.

Hemofiliyalı Şəxslərin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova iştirakçıları salamlamış, tədbirin məqsəd və məramını açıqlamış, rəhbərlik etdiyi təşkilatın 20 illik fəaliyyəti barədə ətraflı məlumat verib.

Müvəkkil çıxış edərək ölkəmizdə digər hüquqlarla yanaşı, əlliliyi olan şəxslərin, o cümlədən hemofiliya, talassemiya və digər irsi qan xəstəliklərdən əziyyət çəkənlərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən mühüm tədbirləri, irsi qan xəstəliyindən əziyyət çəkənlərin tam dövlət qayğısı ilə əhatə olunduğunu, bu məqsədlə “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” xüsusi bir Qanunun, bu sahədə ardıcıl olaraq üç dövlət proqramının uğurla icra edildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə bu qəbildən olan şəxslərə daim diqqət və qayğı göstərilir, bu baxımdan ölkəmizdə “Talassemiyasız vətən!” layihəsi çərçivəsində ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılması da mühüm əhəmiyyətə malikdir.

Ombudsman bu qəbildən olan şəxslərin hüquqlarının təmini və müdafiəsi sahəsində fəaliyyəti, paytaxt və regionlarda, Müvəkkilin və regional mərkəzlərinin, uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbində silsilə maarifləndirmə tədbirlərini təşkil etdiyi barədə məlumat verib.

Belə  ki, Ombudsmanın dövlət qurumları və QHT-lərlə əməkdaşlığı nəticəsində qan xəstəliklərindən əziyyət çəkən insanların bir çox problemləri həll edilmiş, Müvəkkil fəaliyyəti dövründə bu qəbildən olan insanlara köməklik göstərilməsi üçün bir sıra zəruri tədbirlər həyata keçirmişdir. Müxtəlif vaxtlarda səhhəti və fiziki sağlamlığı imkan verən şəxslər qan donorluğu aksiyasında iştirak etməyə çağırılmış, belə aksiyalar təşkil olunmuş və böyük miqdarda donor qanı toplanıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli Sərəncamı ilə “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edildiyi və Müvəkkilin əlilliyi olan şəxslərin inklüziv təhsil imkanlarının artırılması ilə bağlı təkliflərinin nəzərə alındığı bildirilib.

Konfransda E.Süleymanova Aərbaycanda hemofiliyalı şəxslərin tibbi-sosial problemlərinin həlli sahəsindəki səmərəli fəaliyyətinə görə və 20 illik yubileyi münasibətilə Hemofiliyalı Şəxslərin Respublika Assosiasiyasını Ombudsmanın Fəxri diplomu ilə təltif etdiyini bildirib və bu sənədi həmin təşkilatın prezidenti Gülnarə Hüseynovaya təqdim edib.

Ombudsman 08 dekabr 2017-ci ildə “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda keçirdiyi konfransda BMT tərəfindən bəyan edilib, İnsan Hüquqları üzrə Ali Komissarın çağırışı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsinə qalx” devizi ilə artıq 10 dekabrdan başlanan və bir il davam edəcək kampaniyaya start verdiyini, bunun mahiyyətinin hüquq bərabərliyinə, ayrı-seçkiliyə yol verilməzlik, iştirakçılıq, əməkdaşlığa çağırış olduğunu vurğulayıb və hər kəsi bu kampaniyaya qoşulmağa çağırıb.

Sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova və tədbir iştirakçıları əhalinin sosial cəhətdən həssas qruplarının hüquqlarının müdafiəsi və maarifləndirilməsi sahəsindəki fəaliyyətinə, bu sahədə vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlığına görə Ombusmanına təşəkkür ediblər.

Gülnaz Qənbərli
Gununsesi.info