
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı 2008-ci ildən Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvüdür. Ombudsman təsisatı həmin təşkilatla sıx əməkdaşlıq edərək, hər il uşaq hüquqlarının təmini və təbliği ilə bağlı keçirilən illik konfranslarda, beynəlxalq tədbirlərdə, onlayn müzakirələrdə, o cümlədən uşaqların iştirakçılığı ilə həyata keçirilən layihələrdə iştirak etməkdədir.
Gununsesi.info-ya Ombursmanın mətbuat xidmətindən verilən məlumata görə, bu il də Azərbaycan Ombudsman təsisatı Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə ENOC tərəfindən həyata keçirilən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA) layihəsinə qatılaraq orada fəal təmsil olunub.
Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) iki üzvü ilə Fransanın Paris şəhərində ENOC tərəfindən təşkil olunan ENYA forumunda iştirak edib.
Tədbirin məqsədi ENOC-a üzv seçilmiş yalnız 11 təsisatın, o cümlədən Azərbaycan Ombudsman təsisatının iştirak etdiyi “Hörmət, məlumat və fikrə aparan yol – Gənclərin identikliyinin və münasibətlərinin araşdırılması və onların səlahiyyətləndirilməsi” adlı layihənin icrası ilə bağlı görülən işlərin təqdimatı, təcrübə mübadiləsi və uşaqların mövzu üzrə təkliflərinin onların iştirakı ilə müzakirəsindən ibarətdir.
Layihədə iştirak edən üzv təsisatlar, o cümlədən Azərbaycan Ombudsman təsisatının layihə koordinatorları və hər iştirakçı ölkədə layihəni həyata keçirən uşaq qruplarından iki nümayəndə forumda iştirak etmişlər. AUGSŞ-nin üzvləri olan Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdi Aydan Xələfli və Nizami rayonu 250 nömrəli tam orta məktəbin şagirdi Murad Sücəddinov forumda ölkəmizi təmsil ediblər.
N.Ağayeva layihənin həyata keçirilməsi ilə bağlı müzakirələrdə iştirak edərək, Azərbaycan Ombudsman təsisatının uşaq hüquqlarının müdafiəsi sahəsində çoxsaylı fəaliyyəti və prioritetlərini qeyd edib, layihənin davam etdirilməsi ilə bağlı Müvəkkilin təkliflərini iştirakçıların diqqətinə çatdırıb.
A.Xələfli və M.Sücəddinov tədbirdə təqdimatla çıxış edərək layihə çərçivəsində ölkədə həyata keçirilən fəaliyyət, uşaq və gənclərin identikliyi, kimliyi, şəxsiyyətinə, şəxsi həyatına hörmət, onların ətrafdakılarla sağlam münasibətlərinin olması, fikirlərinin nəzərə alınması, valideynlərin, təhsilverənlərin, həmyaşıdların və digər şəxslərin rolu, texnologiyanın bu münasibətlərə təsiri ilə bağlı Azərbaycan uşaqlarının fikir və təklifləri haqqında məlumat veriblər.
Tədbirdə layihə çərçivəsində böyük hazırlıq işlərinin görüldüyü, AUGSŞ-nin üzvləri arasından yaradılmış 14-17 yaşlı uşaqlardan ibarət qrupla cari ilin mart-iyun ayları ərzində çoxsaylı görüşlər keçirildiyi, mövzu üzrə müxtəlif müzakirələr, qrup işləri aparıldığı, təkliflər hazırlandığı, qrup üzvləri tərəfindən rəsmlər çəkildiyi, mətbuatda onların yazılarının dərc edildiyi bildirilib. Layihə iştirakçılarının Ombudsman Elmira Süleymanova ilə görüşərək, Müvəkkil tərəfindən uşaq hüquqları, xüsusilə uşaqların müdafiəsində Ombudsmanın rolu barəsində verilən məlumatlardan bəhrələndikləri, bununla yanaşı, uşaqların təhsil aldıqları ümumtəhsil məktəblərdə həmyaşıdları arasında mövzu üzrə sorğular, habelə uşaqların daha çox iştirakçılığını təmin etmək məqsədilə AUGSŞ-nin Liderlik Məktəbinin digər üzvləri üçün layihənin təqdimatının keçirildiyi, orada səsləndirilən təkliflərin də nəzərə alındığı iştirakçıların diqqətinə çatdırılıb.
Yekun təqdimatda Azərbaycanı təmsil edən gənc nümayəndələr 2017-ci il üzrə həyata keçirilən ENYA layihəsi üçün uşaqlar tərəfindən hazırlanmış “Gəlin uşaqlara dəyər verək, hörmət edək, inanaq, onları dinləyək və sadəcə hiss edək!” şüarını tədbirdə səsləndirmiş və bu iştirakçıların marağına səbəb olib.
İştirakçı ölkələri təmsil edən uşaqlar interaktiv müzakirələr aparmış, proqramda nəzərdə tutulmuş yaradıcı oyunlarda və teatrlarda iştirak ediblər.
Uşaqlar tərəfindən hazırlanan təkliflər cari ilin sentyabr ayında ENOC-un 21-ci illik Konfransında qəbul ediləcək bəyanatda nəzərə alınacaq.
Qeyd edək ki, AUGSŞ-nin üzvləri ENOC tərəfindən 2010-cu ildən etibarən Müvəkkilin təşəbbüsü ilə həyata keçirilən ENYA layihəsinə qatılaraq, Fransada (Strasburq), Şimali İrlandiyada (Belfast), Polşada (Varşava), Şotlandiyada (Edinburq), Yunanıstanda (Afina) keçirilən tədbirlərdə, onlayn müzakirələrdə fəal iştirak etmiş, müxtəlif ölkələrin ombudsmanları, Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili ilə görüşmüş, Avropa Şurasında təqdimatlar etmiş, həmçinin ENOC-a üzv seçilmiş yalnız 11 təsisatın, o cümlədən Azərbaycan Ombudsman təsisatının iştirak etdiyi “Danışın, gənclər, zorakılığa qarşı danışın” layihəsində təmsil olunmaqla, hər bir iştirakçı ölkədə beş dəqiqəlik film çəkilərək, on bir iştirakçı ölkə üzrə hazırlanmış filmlər bir araya gətirilmiş, nəticədə 55 dəqiqəlik sənədli film kimi təqdim edilərək ENOC-un rəsmi saytında yerləşdirilib.
Gülnaz Qənbərli
Gununsesi.info












