”Onların bu addımı tamamilə qanunsuzdur” - MEHMAN ƏLİYEV

  • Müəllif: admin
  • 16 Avqust 2017 13:20

mehman

“Turan” İnformasiya Agentliyində aparılan yoxlama hələ də  davam edir.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda məlumatı agentlik özü yayıb. Belə ki, məlumatda bildirilir ki, müfəttişlər sənədləri götürür, əməkdaşların şəxsi əşyalarını yoxlayırlar. Yoxlama və sənədlərin götürülməsi prosesini çəkməyə isə icazə verməyiblər:

“Vergi nümayəndələri yoxlama və götürmə barədə sanksiyaya dair sənədin surətini verməyiblər, ancaq tanış olmaq üçün göstəriblər. Yoxlama davam edir”-,  deyən  agentliyin direktoru Mehman Əliyevin sözlərinə görə, yoxlama Nəsimi Rayon Məhkəməsinin qərarıyla aparılır: “Biz nazirə, 1 saylı Bakı İqtisad Məhkəməsinə şikayət göndərmişik. Bütün bunlara məhəl qoymadan belə addım atılması qanunsuzdur”.

Qeyd edək  ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqa başlanıb.

Xatırladaq ki, nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Vergi yoxlaması qərarı Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin agentliyə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirlər.
Gülnaz Qənbərli
Gununsesi.info