Ülfan Məmmədli: “Hər aparıcı jurnalist deyil, hər jurnalist də aparıcı olmur”

  • Müəllif: Firuzə
  • 21 Avqust 2026 22:33

Jurnalist və aparıcı anlayışlarının mediada tez-tez qarışdırılması müzakirə mövzusuna çevrilib.

Gununsesi.info-nun xəbərinə görə, jurnalist, aparıcı Ülfan Məmmədli bu məsələyə diqqət çəkib.

O bildirib ki, mediada və sosial şəbəkələrdə aparıcılarla jurnalistlərin fəaliyyətləri bir çox hallarda səhv salınır:

“Bəzən hər hansı aparıcı haqqında yayılan xəbərlərin başlığında mütləq “məşhur aparıcı” ifadəsinə rast gəlirik. Xəbəri oxumağa davam edirsən və artıq ikinci cümlədə həmin şəxsə jurnalist deyə xitab edilir.

Bəzən bu iki fəaliyyət bir şəxsdə cəmləşsə də, jurnalist və aparıcı fərqli anlayışlardır. Bəli, eyni sahəyə aiddirlər. Hər ikisi media mənsubudur. Amma aralarında böyük fərq var. Jurnalist informasiya toplayan, araşdıran, faktı yoxlayan və ictimai marağa xidmət edən media məzmunu hazırlayan peşə sahibidir. Aparıcı isə verilişi təqdim edən, müzakirəni idarə edən şəxs rolunu icra edir”.

Ülfan Məmmədlinin sözlərinə görə, problemin əsas səbəblərindən biri jurnalist peşəsinin uzun illər ərzində ekranla ölçülməsi olub:

“Kim efirdə görünürsə, onu avtomatik jurnalist adlandırıblar”.

O, həmçinin vurğulayıb ki, jurnalist olmaq üçün Jurnalistika fakültəsini bitirmək şərt deyil:

“Bu isə tam ayrı statusun mövzusudur”.

Elmar
Gununsesi.info