Süni intellekt haqqında müzakirələrdə tez-tez belə bir fikir səslənir: “Bir azdan süni intellekt jurnalistləri əvəz edəcək.”
Bu fikir ilk baxışda məntiqli görünür. Çünki süni intellekt mətn yaza bilir, informasiyanı sürətlə toplayır, məlumatları müqayisə edir, başlıq hazırlayır, müsahibənin stenoqramını çıxarır və hətta xəbəri müxtəlif üslublarda təqdim edə bilir. Bəs bütün bunlar jurnalistikanın özünü əvəz etmək deməkdirmi?
Xeyr. Çünki jurnalistika mətn yazmaq peşəsi deyil. Jurnalistika həqiqətin arxasınca getmək, cəmiyyət qarşısında məsuliyyət daşımaq və güc sahiblərindən hesab soruşmaq peşəsidir. Süni intellekt bu fəaliyyətlərin bir çoxunda jurnalistə kömək edə bilər, amma jurnalistikanın mahiyyətini onun əlindən ala bilməz.
Əslində, burada mühüm bir fərqi görmək lazımdır: AI jurnalistin bəzi işlərini avtomatlaşdıra bilər, amma jurnalistikanın özünü avtomatlaşdıra bilməz.
Birinci səbəb budur ki, jurnalistika faktları sadəcə toplamaqdan ibarət deyil. Jurnalist bəzən heç kimin ona təqdim etmədiyi faktı tapır. Bunun üçün o, insanlarla danışır, mənbə qazanır, etibar yaradır, şübhələnir, bir detalın arxasınca gedir və bəzən aylarla araşdırma aparır. Ən vacib məlumat çox vaxt açıq internetdə olmur. O, bir insanın yaddaşında, qapalı sənəddə, qorxan bir şahidin sözündə və ya illərlə gizlədilmiş bir hadisənin izində olur.
Burada jurnalistin ən mühüm silahlarından biri insan münasibətidir.
Təsəvvür edək ki, bir dövlət qurumunda korrupsiya ilə bağlı ciddi şübhə yaranıb. Süni intellektə minlərlə sənəd verə bilərik. O, sənədlərdəki uyğunsuzluqları tapa, adları və tarixləri müqayisə edə bilər. Amma həmin sənədlərin niyə belə hazırlandığını, kimin qorxduğunu, kimin susduğunu və kimin danışmağa hazır olduğunu müəyyən etmək artıq yalnız informasiya emalı məsələsi deyil.
Jurnalist həmin insanın qarşısına oturub soruşur:
“Siz bunu niyə mənə danışırsınız?”
Bəzən jurnalistikanın ən böyük nəticəsi məhz bu sualdan başlayır.
İkinci məsələ məsuliyyətdir.
Bir süni intellekt sistemi səhv informasiya yayarsa, məsuliyyət məsələsi yenə insanlara və qurumlara qayıdır. Amma jurnalist öz adını xəbərin altına yazır. Onun reputasiyası, peşəkar vicdanı və hüquqi məsuliyyəti var.
Bu, çox vacib fərqdir.
Çünki jurnalistika yalnız “nə baş verdi?” sualına cavab vermir. O, həm də “mən bunu necə bilirəm?”, “mənbəm nə qədər etibarlıdır?”, “qarşı tərəfin mövqeyini yoxlamışammı?”, “bu xəbəri yayımlamaq kiməsə zərər verə bilərmi?” suallarını verir.
Deməli, jurnalistika informasiya istehsalından daha çox məsuliyyətli qərarvermə prosesidir.
Üçüncü və bəlkə də ən mühüm səbəb budur ki, jurnalistikanın demokratiyada funksiyası yalnız insanlara xəbər vermək deyil.
Konkret desək, süni intellekt isə ona verilən məlumatların üzərində işləyir. Onun qarşısına müəyyən edilmiş informasiya bazası qoyulur və o, həmin materialdan nəticələr çıxarır. Amma jurnalistikanın ən qiymətli anı bəzən heç kimin vermədiyi sualı verməkdir.
AI sual hazırlamaqda jurnalistə kömək edə bilər.
Amma cəmiyyətin qarşısında dayanıb:
“Niyə belə etdiniz?” demək məsuliyyətini jurnalist daşıyır.
Dördüncü məsələ insan təcrübəsidir.
Müharibəni yaşayan insanla müharibə haqqında məlumatları oxuyan sistem eyni şey deyil. Zəlzələdən sonra dağıntıların arasında dayanan jurnalistin gördüyü mənzərə ilə həmin zəlzələ haqqında minlərlə xəbəri analiz edən süni intellektin “bilməsi” arasında fərq var.
Jurnalist hadisənin şahidi olur.
O, insanın səsindəki titrəyişi eşidir. Bir ailənin susmağını görür. Bir uşağın verdiyi sualı yadda saxlayır. Bəzən rəsmi statistikada görünməyən bir insan hekayəsini cəmiyyətə çatdırır.
Jurnalistikanın gücü də buradadır: rəqəmlərin arxasındakı insanı göstərməkdə.
Əlbəttə, süni intellekt bütün bunlarda jurnalistə ciddi yardım göstərəcək. Hətta jurnalistikanın gələcəyində AI çox böyük rol oynayacaq. O, yüz minlərlə sənədi analiz edə, məlumat bazalarında əlaqələri tapa, saxta görüntülərin aşkarlanmasına kömək edə, transkripsiya və tərcümə işlərini sürətləndirə, rutin xəbərləri hazırlaya bilər.
Bu, jurnalistikanın məhvi yox, onun dəyişməsidir.
Elmar
Gununsesi.info












