Jurnalist Coşqun Eldaroğlu Azərbaycanda savadlılıq, maarifçilik, yaradıcılıq və sosial şəbəkələrdə formalaşan populyarlıq meyarları barədə tənqidi fikirlər səsləndirib.
Gununsesi.info-nun xəbərinə görə, Eldaroğlu yazısında ölkədə pul qazanmaq istəyən şəxslərin daha çox cəhalətdən qidalanan sahələrə yönəldiyini bildirib.
“Bu ölkədə pul qazanmaq istəyirsinizsə, müraciət elədiyiniz sahə cəhalətdən qidalanmalıdır. Yəni gördüyünüz işin ətrafına hətta adını yaza bilməyən adamlar toplaşmalıdır”, – deyə qeyd edib.
O, maarifçilik və yaradıcılıqla məşğul olan insanların cəmiyyətdən narazılığını da tənqid edib:
“Cəmiyyətə küsməklər, inciməklər, ürəyi qırılmaqlar… Kimə minnət eləyirsiniz? Kim xahiş eləmişdi sizdən?”.
Jurnalist sosial şəbəkələrdə elm, kitab və qələm üzərindən fəaliyyət göstərən şəxslərlə daha çox kütləvi maraq doğuran kontent istehsalçılarını müqayisə edib.
O, həmçini bəzi ziyalıların sonradan daha çox baxış və maraq gətirən mövzulara, o cümlədən restoran və kabab videolarına yönəlməsinə diqqət çəkib.
Eldaroğlu sosial şəbəkə fenomenlərinin canlı yayımlar zamanı nümayiş etdirdiyi davranışların da geniş auditoriya tərəfindən izlənildiyini vurğulayıb.
“Onminlərlə adam ağzına gələni danışan sosial şəbəkə fenomeninin ağzına baxır. Azərbaycan dili ilə yaxından-uzaqdan əlaqəsi olmayan cümlələrlə nə rəylər yazırlar. Qəşəng hədiyyələr göndərirlər”, – deyə o yazıb.
Fikirlərinin sonunda jurnalist cəmiyyətin prioritetlərinə ironik münasibət bildirərək belə ifadə işlədib:
“Torpaqlar da işğaldan azad olundu. Minimum əməkhaqqı da qalxacaq. Ürəyimi nişan al, kabab qoxulu vətənim…”
Elmar
Gununsesi.info











