Peşə məktəblərinin müəllimləri imtahana çəkilir

Peşə məktəblərinin müəllimləri imtahana çəkilir

Bu ilin birinci yarısında ölkədə fəaliyyət göstərən ilk-peşə ixtisas təhsili üzrə müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin davam etdrilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, ötən ilin əvvəllərində ilk peşə-ixtisas təhsili müəssisələri üzrə bütün ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi təşkil edilib və həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb olunub. 2017-ci ilin sonunda isə rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə Bakı və Gəncə şəhərlərində, Qəbələ rayonunda yaradılmış 14 dövlət peşə təhsil mərkəzinin 300-ə qədər mühəndis-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi keçirilib. 51 peşə-ixtisas istiqaməti üzrə tədris etdikləri ixtisaslara müvafiq ali və ya orta ixtisas təhsilli fənn müəllimləri və istehsalat təlimi ustalarının diaqnostik qiymətləndirilmədə iştirakına şərait yaradılıb. Diaqnostik qiymətləndirmənin bu mərhələsində daha çox “Aşpaz”, “Kompüter ustası”, “Avtomobil təmiri çilingəri”, “Dərzi”, “Geyim üzrə dizayner”, “Əl elektrik qaynaqçısı” ixtisasları üzrə mühəndis-pedaqoji heyət iştirak edib, ixtisas və metodika sahəsində sualları cavablandırıb. Nəticələrdən asılı olaraq mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsi ilə əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.

Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən peşə təhsili müəssisələri üzrə kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

Gununsesi.info

COMMENTS