Polisə xəsarət yetirənə 12 il iş kəsildi

  • By admin
  • 23 Noyabr 2016 13:55

mehkeme

Noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində , hakim Ramella Allahverdiyevanın sədrliyi ilə polisə xəsarət yetirməkdə təqsirləndirilən Yalçın Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə,  prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Y.Cəfərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, bu il martın 14-də Nəsimi rayonu ərazisində – Moskva prospektində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Y.Cəfərov Bakı şəhər sakini Nicat Tahirova məxsus “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərərkən Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin (PPX) əməkdaşları tərəfindən yaxalanıb. Bu zaman Y.Cəfərov bıçaqla polis serjantı Samir Paşayevə əl nahiyəsindən xəsarət yetirib.

Daha sonra Nəsimi RPİ 19-cu Polis Bölməsinə gətirilən Y.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün paytaxt sakini Elçin Xəlilova məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstəməsi, eləcə də Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Gülnaz Qənbərli

Gununsesi.info