“OPEK+ sövdələşməsi üzrə öhdəliklərimizi artıqlaması ilə yerinə yetiririk” - İLHAM ƏLİYEV

  • Müəllif: admin
  • 23 Yanvar 2018 20:57


Rəsmi Bakı OPEK-ə üzv olan və üzv olmayan (OPEK+) ölkələrin neft hasilatı həcminin azaldılması üzrə sövdələşməsinin müddətinin 2018-ci ildən sonra da uzadılacağına ümid edir.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə “RİA Novosti”yə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

“Yaranmış OPEK- OPEK+ formatının davam etdiriləcəyinə ümid edirik. O davam etdirilməlidir. Sövdələşmənin ilin sonunadək uzadılması yaxşı oldu. Lakin mən düşünürəm ki, yenə də uzadılmalıdır”, – deyə prezident vurğulayıb.

Prezident İlham Əliyev rəsmi Bakının neftin qiymətinin stabilləşdirilməsi üzrə OPEK+ sövdələşməsini dəstəklədiyini xatırladaraq, ölkənin neft hasilatı həcminin azaldılması üzrə öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini vurğulayıb: “Biz həmişə neft hasilatı həcminin azaldılması üzrə sövdələşməni həmişə dəstəkləmişik və dəstəkləyirik, hasilatın azaldılması üzrə öhdəliklərimizi yerinə yetiririk. Hətta artıqlaması ilə yerinə yetiririk”.

Gununsesi.info