Milli Məclisin deputatı Hikmət Babaoğlu İranın su diplomatiyası ilə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, deputat Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkianın Bişkekdə keçirilən görüşündə yaşandığını iddia etdiyi protokol hadisəsinə diqqət çəkib.
Hikmət Babaoğlu yazıb ki, görüş zamanı Pezeşkiana protokolda nəzərdə tutulmayan stəkanda su təqdim edilib, eyni masada əyləşən Azərbaycan Prezidentinə isə su təklif olunmayıb.
Deputat bunu “protokol pozuntusu” və prezidentlərə qarşı “hörmətsizlik” kimi qiymətləndirib.
Onun sözlərinə görə, İran Prezidentinə təqdim olunan suyun “Barjomi” olması da xüsusi mesaj xarakteri daşıyıb. Deputat bu detalı İranın Zəngəzur dəhlizinə münasibəti ilə əlaqələndirib və Tehranın Azərbaycan və Türkiyə üzərindən tranzit marşrutlarına alternativ olaraq Ermənistan-Gürcüstan xəttinə üstünlük verdiyini iddia edib.
Hikmət Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyev isə bu vəziyyətə “gülərək” və Pezeşkiana işğaldan azad edilmiş Kəlbəcərin İsti suyu təqdim etməklə cavab verib.
Deputat bu hadisəni Azərbaycanın regiondakı strateji mövqeyi kontekstində dəyərləndirib.
O, İran tərəfinin vaxtilə Heydər Əliyevin İrana səfəri zamanı Xəzər dənizini “Mazandaran gölü” adlandırmaqla “Əsrin müqaviləsi” ilə bağlı mesaj verməyə çalışdığını iddia edib və bununla Zəngəzur dəhlizi məsələsi arasında paralel aparıb.
Hikmət Babaoğlu fikirlərinin sonunda Prezident İlham Əliyevin diplomatik addımını yüksək qiymətləndirərək yazıb:
“Yaşasın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, yaxşı ki varsınız, cənab Prezident! Belə strateji gedişləriniz bizləri heyran edir, Azərbaycanı gücləndirir!”
Elmar












