“Şanxay Əməkdaşlıq Təşkilatı dünya əhalisinin yarısını əhatə edən ciddi iqtisadi inteqrasiya layihəsidir. Azərbaycan da burada özünəməxsus yerə malikdir”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib:
“Çünki Şərq–Qərb və Qərb–Şərq dəhlizləri hər iki istiqamətdə bu gün Azərbaycan üzərindən keçir. Azərbaycan həm də logistika mərkəzinə çevrilməyə çalışır. Çinin də, Hindistanın da, digər ölkələrin – istər Şərq, istərsə də Avropa ölkələrinin – bu magistral xətlər və logistika mərkəzi baxımından Azərbaycanın tutduğu coğrafi mövqeyə ehtiyacı var.
Azərbaycan da təbii ki, həm özünün qurduğu infrastruktur layihələrindən – Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, yaxın gələcəkdə açılacaq Zəngəzur dəhlizi və Transxəzər yolu kimi layihələrdən – istifadə edərək Şərq–Qərb dəhlizinin mərkəzində yer almağa çalışır”.
İqtisadçı əlavə edib ki, bu da Çinin və digər ölkələrin marağına uyğundur:
“Yəni Azərbaycanın həm geosiyasi əhəmiyyəti artır, həm də iqtisadi imkanlar yaranır”.
Şəbnəm Rəhimova











