Prezident “bu ilin ikinci yarısı uğurlu olacaq” dedi

  • By admin
  • 10 İyul 2016 18:34

ilya-3

 

“2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq”.

Gununsesi.info xəbər verir ki,  bunu yyulun 10-da Azərbaycan prezidenti İlham Əliyevin özünün sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib. Bu ilin altı ayında ölkəmizin xarici siyasətinin fəal olduğunu, 10-dan çox dövlət və hökumət başçısının Azərbaycana səfərə gəldiyini, özünün də xaricə səfərlərinin beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini deyən İ. Əliyev çıxışında iqtisadi inkişaf proseslərindən də danışıb, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu deyib. Bildirib ki, ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır.  Onun sözlərinə görə, ilin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. “2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq”- deyən dövlət başçısı strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.

Yekun nitqində isə  prioritet istiqamətlər üzrə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib və  deyib ki, bu il ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması istiqamətində, həmçinin Mingəçevirdə yüngül sənaye kompleksinin təməlinin qoyulması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir. Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən dövlət başçısı son illərdə Bakıda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Formula-1 Avropa Qran-prisinin ölkəmizdə turizmin inkişafına ciddi dəstək verdiyini bildirib. Bundan əlavə, prezident  “ASAN xidmət”in fəaliyyətinə toxunaraq artıq bu quruma yarandığı vaxtdan indiyə qədər 10 milyon müraciət edildiyini, ölkədə 9 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini, bu il isə Masallı və Qəbələdə yeni mərkəzlərin yaradılacağını diqqətə çatdırıb. Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu deyən prezident  2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə edib.

Gununsesi.info