“Prezident ikili standartlara son qoyulmasını, Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını tələb edib” - SEVİNC FƏTƏLİYEVA

  • By admin
  • 21 Sentyabr 2017 16:08

sevinc1

“Azərbaycan dövlətinin xarici siyasətində daim milli maraqlar qorunur. Həmçinin, ölkəmiz qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri ilə görüşlərində, qlobal əhəmiyyət daşıyan mötəbər tədbirlərdəki çıxışlarında ölkəmizin ədalətli mövqeyini qətiyyətlə diqqətə çatdırır. Bu baxımdan Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışı da xüsusilə xarakterikdir”.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bu fikirləri YAP-ın saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycanın dövlət başçısı çıxışında BMT-də islahatların aparılmasının, xüsusilə Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin təmin edilməsi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, BMT-nin ali tribunasından Azərbaycanı dünyaya sosial-iqtisadi cəhətdən uğurla inkişaf edən, qlobal miqyasda mədəniyyətlərin yaxınlaşmasına böyük töhfə verən ölkə kimi təqdim edən Prezident İlham Əliyev eyni zamanda diqqəti ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə yönəldib:

“Azərbaycan Prezidenti İlham Əliyev istər beynəlxalq təşkilatlar səviyyəsində çıxışlarında, istərsə də müxtəlif bəyanatlarında ölkəmizin öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcəyini ifadə edir və münaqişənin həllinin zəruriliyini vurğulayır. Prezident İlham Əliyev həm də konkret və prinsipial mövqe nümayiş etdirərək ölkəmizin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, bunun üçün isə Ermənistanın konstruktiv mövqedən çıxış etməsinin vacibliyini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı da bu əhəmiyyətli məqamlarla yadda qaldı. Dövlətimizin başçısı BMT-nin yüksək tribunasından bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi və Ermənistanın faşizmini, azərbaycanlılara qarşı soyqırımını faktlarla diqqətə çatdırdı. ATƏT-in Minsk qrupunun münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllini ehtiva edən təklif və təşəbbüsləri də məhz işğalçı Ermənistanın destruktiv mövqeyi nəticəsində reallaşmayıb. Həmçinin, beynəlxalq münasibətlərdə müşahidə olunan ikili standartlar münaqişənin illərdir həll olunmamasının başqa bir səbəbidir. Bununla belə, Azərbaycan dəfələrlə bəyan edib ki, sülh danışıqları sonsuza qədər davam edə bilməz və yekun həllə xidmət edən konkret addımlar atılmalıdır. Prezident İlham Əliyev də çıxışında bildirib ki, status-kvo dəyişməlidir. Dövlətimizin başçısı, həmçinin çıxışında ikili standartlara son qoyulmasını, işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını tələb edib, eləcə də BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi haqqında qəbul olunmuş qətnamələrinin icrasının zəruriliyini diqqətə çatdırıb. Bütövlükdə, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasında milli maraqlarımızın müdafiəsi baxımından parlaq çıxış etdi”.

Gununsesi.info