Prezidentin keçmiş köməkçisinin bankına görə hansı vəzifəli şəxs dindiriləcək?

  • By admin
  • 18 Aprel 2018 17:10

“DekaBank” ASC-nin İdarə Heyətinin bir ilə yaxındır həbsdə olan sədri Niyazi Vəliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 5 milyonluq mənimsəmə və dələduzluqda ittiham edilir.

Gununsesi.infoxəbər verir ki, aprelin 18-də məhkəmədə N.Vəliyevin vəkilləri Əmanətlərin Siğortalanması Fondunun icraçı direktoru Vüqar Abdullayevin əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıblar. Vəsatət təmin olunub.

Məhkəmə aprelin 25-də davam edəcək.

Qeyd edək ki, “DekaBank”ın Maliyyə Departamentinin rəhbəri olmuş Bəhram Hüseynov da bu iş üzrə təqsirləndirilən şəxsdir. Amma o, həbsdə deyil.

Lisenziyası 2016-cı ilin iyulunda ləğv edilən “DekaBank” prezidentin keçmiş köməkçisi Tariyel Ağayevə məxsusdur. Onun qızlarından Sürəyya Ağayeva bankın Müşahidə Şurasının sədri, lalə Ağayeva isə Müşahidə Şurasının üzvü idi. Daha bir qızı Vəfa Əlizadə də bankın səhmdarlarından biridir.

İdarə Heyətinin sədri, indi isə məhkəmə qarşısına çıxarılan N.Vəliyev T.Ağayevin qaynı oğludur. Məlumata görə, N.Vəliyevin həbsində prezidentin sabiq köməkçisinin müstəsna rolu olub. N.Vəliyevin vəkili də mətbuata açıqlamasında müvəkkilinin T.Ağayevin sifarişi ilə cəzalandırıldığını bildirib.

Başqa bir iddiaya görə, T.Ağayev qohumunu pul məsələsində onu aldatmaqda ittiham edib və hüquq-mühafizə orqanlarına şikayət edib.

Gülər

Gununsesi.info