
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Gununsesi.info-nun report-a istinadən xəbərinə görə, hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında Ə.Orucovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra Ə.Orucovun vəkili Cavad Cavadov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti prosesi dekabrın 12-nə təyin edilib.
Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Gununsesi.info












