Qərb Azərbaycanla necə davranmalıdır? – İki gənc sevgili kimi

  • By admin
  • 30 Sentyabr 2016 21:36

bextiyar-haciyev

Bu həftə Varşavada keçirilən ATƏT-in HDIM illik toplantısında qərb diplomatları və nümayəndə heyətləri ilə keçirdiyim görüşlərdə ən çox soruşulan suallardan biri də “Qərb Azərbaycanla necə davranmalıdır?” sualı idi. Orada səsləndirdiyim bəzi fikirləri burada da yazmağı lazım bilirəm.

1) Azərbaycanla Qərb arasında açıq bir kommunikasiya problemi var. İki gənc sevgili arasında olan kimi. Tərəflərdən biri hansısa niyyətlə bir şey deyir, bir addım atır, qarşı tərəf tamam başqa cür anlayır, ona adekvat olmayan addımlar atır və beləcə münasibətlər korlandıqca korlanır, soyuduqca soyuyur. Məsələn:

a) 2013-cü ildə ABŞ-da keçirdiyim görüşlərdə Dövlət Departamentinin Azərbaycanla bağlı tənqidi bəyanatlar səsləndirməməklərini XOŞ MƏRAMLI bir addım kimi adlandırmışdılar ki, biz Azərbaycanı itirmək, qıcıqlandırmaq istəmirik və buna görə də səssiz qalmışıq. Bu xoş məramlı addım isə Azərbaycan tərəfində yanlış yozulurdu: “Yəqin, nə isə planlaşdırırlar, bizi veclərinə almırlar, bu səssizlik müsbət nə isə vəd etmir” və s. Bu, Azərbaycan tərəfinin yanlış yozmasına misal.

b) Leyla və Arif Yunuslar azadlığa buraxıldıqları gün Brüsseldə, Avropa Parlamentinin nümayəndələri ilə görüşdə idim. Onlarla sərt qətnamənin Azərbaycan tərəfini qıcıqlandırdığını, heç bir müsbət töhfə verməyəcəyini, Azərbaycanla Avropa Parlamentinin əməkdaşlığına son verəcəyini müzakirə edirdik. Çoxları razılaşsa da, bir neçə MEP, Avropa Parlamentinin deputatı “yox, Azərbaycan qorxacaq, belə də lazımdır” dedi. Həmin gün Azərbaycan tərəfi Qərblə münasibətləri yumşaltmaq üçün Leyla və Arif Yunusları azad etdi. Bu da, Azərbaycan tərəfindən münasibətləri yumşaltmağa hesablanmış addım idi. Amma həmin axşam bir neçə MEP mənə yaxınlaşıb “görürsünüz, təzyiq etdik, sərt qətnamə qəbul etdik və buraxdılar Leyla və Arif Yunusları” dedilər. Bu isə, Brüsselin yanlış anlaması idi.

c) Bu tip “təzyiq etdik, geri çəkildilər” yozumları, interpretasiyaları səbəb oldu ki, ABŞ konqressində Azərbaycana qarşı sanksiyalar təşəbbüsü irəli çəkildi. Həmin ərəfədə bir çox siyasi məhbusun buraxılması gündəmdə idi, bir çoxları əşyalarını toplayıb, gözləyirdilər. Əfv ərəfəsində ABŞ-dan gəlmiş xüsusi nümayəndə heyəti ilə müzakirə zamanı bu addımın Azərbaycan hakimiyyətini qıcıqlandıracağını, siyasi məhbusların buraxılmamaq ehtimalı da olduğunu dedim. İnanmayanlar da çıxdı. Əfv imzalandı, buraxılan siyasi məhbus sayı – 0! – Bu da qarşılıqlı yanlış anlamaya bir misal.

2) Düşünürəm ki, tərəflər bir-birinə mesajları qətnamələr, qəzetlərdə yazılar, dinləmələr yolu ilə yox, üz-üzə verməlidirlər. Hər iki tərəf münasibətlərdə təzyiqin və temperaturun yüksək olduğu dönəmdə ürəklərində saxladıqları, diplomatik dillə bəzədikləri fərqli yanaşmalarını açıq şəkildə üzə çıxarmalı, bir-birindən olan narazılıqlarını ifadə etməli, gizli perspektivlərin üzə çıxmasına şərait yaratmalıdırlar. Bu, münasibətlərə pis yox, əksinə, müsbət təsir edəcək.

3) Bir-birinə nə qədər zidd mövqelər olsa da, təzyiq və temperatur nə qədər yüksək olsa da, səslənən fikirlər nə qədər acı, incididi olsa da, hər iki tərəf arasında yüksək səviyyədə təmaslar, görüşlər, səfərlər sıxlaşmalı, mütəmadi olmalıdır. Bir-birindən küsmüş iki sevgilinin üçüncü şəxslər vasitəsi ilə yox, üz-üzə və bütün gizli perspektivləri üzə çıxararaq danışıb, ortaq məxrəcə gəlib, razılaşdıqları kimi.

4) Hazırda Azərbaycala Qərb arasında heç vaxt olmadığı qədər münasibətlərin normallaşmasına ehtiyac var. Hər gün pisləşən iqtisadi durumun düzəldilməsində də, Azərbaycana yeni xarici sərmayə qoyulmasında da, Azərbaycanı gözləyən digər təhlükələrdən xilas etməkdə də, Qərbin Azərbaycana, Azərbaycanın Qərbə ehtiyacı var. Azərbaycanın suverenliyi, demokratikləşməsi, güclənməsi bəzi qonşularımızdan daha çox Qərbin marağındadır və Qərb daha çox Azərbaycanın ərazilərini bütöv, iqtisadi-siyasi durumunu yaxşılaşan, güclənən görmək istəyir. Səbəblər bəllidir.

5) Avropa Parlamentindən gələn nümayəndə heyəti ilə ölkə başçısının AZTV-də yayımlanmış söhbəti buna çox yaxşı misaldır. Tərəflər ilk dəfə idi bu qədər açıq bir-birindən olan incikliklərini dilə gətirir, bu görüş bütün çılpaqlığı ilə (təkcə biz tərəfin iradları səslənsə də) dövlət televiziyasından yayımlanırdı. Varşavadakı görüşlərim zamanı bunun ilk baxışdan çox pis görünsə də, produktiv olduğunu demişdim.

Bu gün isə oxudum ki, Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qərar qəbul edib.