Rusiyada yaranan yanacaq böhranı və neft emalı sahəsində müşahidə olunan çətinliklər artıq təkcə iqtisadi məsələ deyil, həm də müharibənin gedişinə təsir edən strateji amilə çevrilməkdədir. Ukraynanın son iki ildə sistemli şəkildə Rusiya neft emalı zavodlarını, yanacaq anbarlarını və daşıma infrastrukturunu hədəfə alması Kremlin ən həssas nöqtələrindən birinə zərbə vurub. İndi vəziyyət o həddə çatıb ki, Rusiyanın öz enerji nəhəngi olan “Rosneft” rəhbəri İqor Seçin daxili bazarın sabitləşdirilməsi üçün fövqəladə tədbirlər təklif edir.
Müharibənin yeni cəbhəsi: enerji infrastrukturu
2022-ci ildə müharibənin ilk mərhələlərində əsas diqqət canlı qüvvə və hərbi texnikaya yönəlmişdisə, 2024-2026-cı illərdə Ukrayna strategiyasını dəyişərək Rusiyanın iqtisadi dayaqlarını vurmağa başladı. Neft emalı zavodlarına edilən hücumlar Moskvanın həm büdcə gəlirlərinə, həm də daxili yanacaq təminatına ciddi zərbə vurdu.
Rusiya dünyanın ən böyük neft ixracatçılarından biri olsa da, emal güclərinin zədələnməsi nəticəsində bu gün hasil etdiyi nefti tam həcmdə daxili bazar üçün benzin və dizel təminatını ödəmək gücündə deyil. Nəticədə ölkənin müxtəlif bölgələrində yanacaq qıtlığı yaranır, qiymətlər artır, hökumət isə ixrac məhdudiyyətləri tətbiq etməyə məcbur qalır.
Ən diqqətçəkən məqam odur ki, artıq problem müstəqil araşdırmaçıların deyil, Kremlin rəsmilərinin dilindən səslənir. İqor Seçinin Putinə müraciəti göstərir ki, məsələ adi bazar dalğalanması deyil, milli təhlükəsizlik səviyyəsində qiymətləndirilən böhrandır.
Rusiya lideri Vladimir Putin isə öz növbəsində problemin həllini baş nazirin müavini Aleksandr Novaka “Rosneft” rəhbərinin təşəbbüslərini nəzərdən keçirməyi və hesabat hazırlamağı tapşırır.
Vaxt həqiqətən Moskvanın əleyhinə işləyirmi?
ABŞ-nin BMT-dəki nümayəndəsinin müavini Dan Negrea “zaman Moskvanın tərəfində deyil” deyərkən təkcə cəbhədəki itkiləri nəzərdə tutmurdu.
Rusiyanın əsas problemləri aşağıdakılardır: hər ay on minlərlə hərbçinin itirilməsi; müdafiə xərclərinin rekord həddə çatması; mülki iqtisadiyyatın hərbiləşməsi; işçi qüvvəsi çatışmazlığı; inflyasiya və qiymət artımları; yanacaq və daşıma problemləri.
Müharibə uzandıqca Rusiya iqtisadiyyatı “səfərbərlik iqtisadiyyatı” modelinə daha çox bağlanır. Bu model qısa müddətdə işləyə bilər, lakin uzunmüddətli baxışda istehsalın azalmasına, sərmayələrin uzaqlaşmasına və əhalinin rifahının zəifləməsinə səbəb olur.
Yanacaq böhranı cəbhəyə necə təsir edə bilər?
Müharibədə yanacaq qan dövranı kimidir. Qırıcı təyyarələr, tanklar, zirehli texnika, hərbi yük maşınları, artilleriya sistemləri və daşıma xətləri fasiləsiz yanacaq tələb edir. Rusiyanın hərbi ehtiyatları böyük olsa da, daxili bazarda yanacaq qıtlığının yaranması və ixrac məhdudiyyətlərinin tətbiqi göstərir ki, sistem təzyiq altındadır.
Bu, bir neçə istiqamətdə özünü göstərə bilər:
Birincisi, hərbi daşımaların maya dəyəri artır. İkincisi, mülki sahə ilə hərbi sahə arasında ehtiyat rəqabəti güclənir. Üçüncüsü, bölgələrdə sosial narazılıq artır, çünki əhali gündəlik problemlərin yükünü hiss edir. Dördüncüsü, hökumət əlavə dəstək vəsaitləri ayırmağa məcbur olur ki, bu da büdcəyə əlavə təzyiq yaradır.
Hələlik bu amillər Rusiyanın cəbhədə dərhal çökməsinə səbəb olacaq səviyyədə görünmür. Lakin uzunmüddətli müharibədə məhz belə yığılan problemlər strateji üstünlüyü müəyyən edir.
Mürtəza Bünyadlı











