Bağçada pul, valideyndə də qorxu

  • Müəllif: Orxan
  • 30 Sentyabr 2026 09:13

“Pul verməsəm, uşağıma pis baxarlar…”

Bu cümlə son vaxtlar bağçalarla bağlı sosial şəbəkələrdə yayılan şikayətlərin içində ən ağır cümlədir. Çünki burada söhbət təkcə puldan getmir.

Məsələn, valideyn bəzən haqsız hesab etdiyi bir ödənişi vermək istəmir. Narazıdır, danışmaq istəyir, etiraz etmək istəyir. Amma sonra uşağını düşünür. “Birdən uşağıma münasibət dəyişər?” deyə qorxur. “Birdən tərbiyəçi ona əvvəlki kimi qayğı göstərməz?” deyə düşünür. Və susur, pulunu verir.

Amma əslində, pul verən təkcə valideyn deyil. O anda öz etirazından da bir az verir.

Bağça uşağın ilk sosial məkanlarından biridir. Uşaq orada anasından, atasından ayrı qalmağı, başqaları ilə ünsiyyət qurmağı, paylaşmağı, gözləməyi, qaydalara əməl etməyi öyrənir. Ona mərhəmətdən danışılır, ədalətdən danışılır, yaxşılıqdan danışılır.

Bəs həmin uşağın valideyni düşünürsə ki, “pul verməsəm, uşağıma pis baxarlar”, biz uşağa ədaləti necə öyrədəcəyik?

Əlbəttə, burada bir məsələni ayırmaq lazımdır. Tərbiyəçiyə könüllü təşəkkür etmək başqa şeydir, valideynin özünü məcbur hiss etməsi tamam başqa. Bir valideyn ürəyindən gəldiyi üçün nəsə hədiyyə edə bilər. Amma “hamı verir”, “sən də verməlisən”, “verməsən ayıb olar” kimi görünməz təzyiqlər yaranırsa, artıq bu, könüllü təşəkkür olmaqdan çıxır.

Daha təhlükəlisi isə valideynin bunu uşağının rifahı ilə əlaqələndirməsidir.

Çünki valideynin ağlından belə bir fikir keçirsə, deməli, onun üçün bir prinsip aydın deyil. Uşağın aldığı qayğı valideynin verdiyi pula bağlı olmamalıdır.

Uşaq atasının cibini tanımamalıdır. Uşaq anasının verdiyi zərfi tanımamalıdır. Uşaq kimin nə qədər pul verdiyini bilməməlidir.

Onun bilməli olduğu yeganə şey budur ki, bağçada ona yaxşı baxırlar, çünki o uşaqdır. Çünki qayğıya, hörmətə və təhlükəsizliyə haqqı var.

Əgər bir uşağa münasibətin böyüklərin pul münasibətlərindən asılı olduğu barədə qorxu yaranırsa, burada artıq söhbət bir neçə manatlıq məsələdən getmir.

Söhbət etimaddan gedir.

Valideyn bağçaya uşağını əmanət edir. Bu, adi bir xidmət münasibəti deyil. Valideyn bir neçə saatlıq özünün görə bilmədiyi bir zamanı başqa bir insana etibar edir. Ona görə də valideynin içində “uşağıma pis baxarlar” qorxusu yaranmamalıdır.

Əksinə, valideyn əmin olmalıdır ki, uşağına münasibət heç bir halda atasının pul kisəsinə görə dəyişməyəcək.

Bir də var məsələnin başqa tərəfi. Bəzən valideynlər də “hamı verir, mən niyə verməyim?” düşüncəsi ilə bu sistemin davamına özləri dəstək olurlar. Sonra hamı narazı qalır, amma heç kim ilk “yox”u deməyə cəsarət etmir. Çünki hər kəsin beynində eyni qorxu dayanır:

“Birdən mənim uşağıma pis baxarlar?”

Beləcə, hamının narazı olduğu bir şey hamının iştirakı ilə davam edir.

Bəlkə də, dəyişməli olan ilk şey pulun özü deyil. Qorxudur.

Valideyn bilməlidir ki, etiraz etsə, uşağı cəzalandırılmayacaq.

Tərbiyəçi bilməlidir ki, onun peşəkarlığı valideynin verdiyi hədiyyə ilə ölçülmür.

Rəhbərlik bilməlidir ki, valideynin susması razılıq demək deyil.

Ən əsası, uşaq bilməlidir ki, böyüklərin bütün bu söhbətlərindən onun xəbəri yoxdur və olmamalıdır.

Çünki uşağın yanında pulun adı çəkilməməlidir. Uşağın yanında “kim verdi, kim vermədi” söhbəti olmamalıdır. Uşağın yanında böyüklərin minnəti olmamalıdır. Uşaq sadəcə uşaq olmalıdır.

Elmar

Gununsesi.info