Dövlət qulluqçularının pensiyası maaşa bağlı olmayacaq

  • Müəllif: Orxan
  • 30 Sentyabr 2026 16:32

Azərbaycanda dövlət qulluqçularının pensiyalarının əməkhaqqına bağlı hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur.

Gununsesi.info xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasının gündəliyinə daxil edilib.

Layihənin izahına əsasən, yeni yanaşmada pensiya məbləği ilə dövlət məvacibi arasındakı əlaqə aradan qaldırılacaq. Pensiya fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı əsasında hesablanacaq.

Qulluq stajına görə hazırkı əlavənin əvəzinə aylıq pensiya əlavəsi veriləcək. Bu əlavənin məbləği inzibati təsnifat üzrə müəyyənləşdiriləcək və dövlət büdcəsindən ödəniləcək.

Yeni əlavəni almaq üçün müvafiq vəzifələrdə ümumilikdə azı 15 il qulluq stajı tələb olunur.

Dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar qulluğuna xitam verilən, pensiya yaşına çatmasına ən çoxu iki il qalan şəxslər üçün isə minimum 13 illik qulluq stajı ilə əlavə almaq imkanı nəzərdə tutulur.

Keçid müddəasına əsasən, qanun qüvvəyə minənədək qulluq stajına görə əlavə almaq hüququ yaranmış və əlavə təyin edilmiş şəxslərə əvvəlki normalar tətbiq olunacaq.

Gununsesi.info