Yanacaq çatışmazlığı Moskvanın hərbi gücünə təsir göstərə bilərmi? -ŞƏRH

Rusiyada son illər nominal maaşların artmasına baxmayaraq, inflyasiya və qiymət bahalaşması əhalinin real gəlirlərini azaldır.

Yanacaq qiymətlərinin yüksəlməsi ərzaq məhsullarının daşınma xərclərini artırır, kənd təsərrüfatı sahəsinə əlavə yük yaradır, bölgələrarası ticarəti bahalaşdırır və nəqliyyat xidmətlərinin qiymətini yüksəldir. Nəticədə adi vətəndaşın gündəlik xərcləri artır.

Kremlin əsas üstünlüklərindən biri indiyə qədər əhalinin böyük hissəsinin müharibənin iqtisadi nəticələrini məhdud hiss etməsi idi. Lakin yanacaq böhranı kimi problemlər artıq insanların gündəlik həyatına birbaşa təsir göstərir.

Bu, Ukraynanın revanşına səbəb ola bilərmi?

Bu suala birmənalı “bəli” cavabı vermək çətindir. Çünki müharibələrin taleyi yalnız iqtisadi göstəricilərlə müəyyən edilmir. Cəbhədə canlı qüvvə, silah təminatı, texnologiya, hava üstünlüyü və siyasi iradə də həlledici rol oynayır.

Lakin bir həqiqət var: Ukraynanın neft emalı zavodlarına qarşı kampaniyası Rusiyanın zəif nöqtəsini üzə çıxarıb. Əgər bu hücumlar davam edərsə və yanacaq çatışmazlığı dərinləşərsə, Kremlin hərbi əməliyyatları əvvəlki intensivlikdə davam etdirməsi daha çətin olacaq.

Bu isə Kiyevə yeni əks-hücum imkanları, müəyyən istiqamətlərdə taktiki üstünlük, Rusiyanın hücum potensialının zəifləməsi kimi fürsətlər yarada bilər.

Bu gün Ukrayna-Rusiya müharibəsində əsas mübarizə yalnız Donetsk, Luqansk və ya Zaporojye cəbhələrində getmir. Döyüş artıq zavodlarda, neft emalı müəssisələrində, daşıma xətlərində və iqtisadi sistemlərin dayanıqlığı uğrunda aparılır.

Əgər əvvəllər Moskva enerji ehtiyatlarını geosiyasi silah kimi istifadə edirdisə, indi həmin enerji sahəsi Ukraynanın hədəfinə çevrilib. Kremlin ən böyük üstünlüklərindən biri olan neft-qaz kompleksi getdikcə onun ən həssas nöqtəsinə çevrilir.

Məhz buna görə də ABŞ diplomatının səsləndirdiyi “vaxt Moskvanın tərəfində deyil” fikri təkcə siyasi bəyanat yox, həm də Rusiyanın qarşılaşdığı iqtisadi və hərbi reallıqların ifadəsi kimi qiymətləndirilə bilər. Müharibə uzandıqca tankların sayı deyil, iqtisadiyyatların dözümlülüyü qalibi müəyyənləşdirən əsas amillərdən birinə çevrilir.

Mürtəza Bünyadlı

Siyasi şərhçi

Gununsesi.info