Qənirə Paşayeva Bosniyalı siyasətçilərlə Qarabağı müzakirə etdi

  • By admin
  • 26 May 2016 18:15

Qnira Pashayeva

 

Millət vəkili Qənirə Paşayeva Bosniya və Herseqovina millət vəkilləri ilə Qarabağ həqiqətlərini müzakirə edib. Gununsesi.info-nun məlumatına görə,  Bosniya və Herseqovina millət vəkilləri ilə görüş zamanı deputat Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Bosniya və Herseqovina ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib, əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə toxunub. Parlamentin xanım üzvü bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını bildirib. Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb. Deputat onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Görüş zamanı Bosniya və Herseqovina nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktından danışılıb. Onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.

Millət vəkili deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu xanımlar  Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə  laqeyd,  seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Bosniya və Herseqovinanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. Hər iki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət və KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin  olduğunun vurğulandığı görüşdə ölkələrarası qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Millət vəkili Qənirə Paşayeva Bosniya və Herseqovina nümayəndə heyətinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib. Tovuzdan olan xanım deputat Bosniya və Herseqovina nümayəndə heyətinə Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı materiallar da hədiyyə edib.

Gülnaz Qənbərli