“Qərbin belə addımlarının uyğur türklərini düşündüklərindən qaynaqlandığını fikirləşmək sadəlövhlük olardı”

  • By admin
  • 29 Yanvar 2022 20:47

Ötən ilin noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması əlamətdar hadisə olmaqla yanaşı, Türk dünyasının öndə gələn isimləri tərəfindən tarixi qərar olaraq dəyərləndirildi.

Tanınmış türk siyasətçilərinin fikrincə, Şuranın Türk Dövlətləri Təşkilatı adlandırlması türk dövlətləri arasında inteqrasiyanı daha da gücləndirəcək, türk dili ilə bərabər, türk etnik kimliyi də ön plana keçəcəkdi. Təbii, təşkilatın adının dəyişdirilməsinin gələcəkyönümlü siyasətin təməlini təşkil etdiyini və geosiyasi məqsədlərə istiqamətləndiyini deyə bilərik.

Lakin siyasətçi olmadığımdan, milli birliyi siyasətdən üstün tutduğumdan sözügedən təşkilatın siyasi məqsədlərinə deyil də mövcud problemlərə toxunmaq istəyirəm.

Dünyada dövlət təşkil etməyən çox sayda türk birlikləri var ki, onlar fərqli ölkələrin daxilində toplu halda yaşayırlar. Belə olduğu təqdirdə, həmin topluluqların azlıqdan qaynaqlanan problemləri yaranır və tərkibində yaşadıqları dövlətlərin “əritmə” siyasətinin qurbanına çevrilirlər. İraq türkmanları və uyğur türkləri buna misal ola bilər. Fəqət türkmanlarla uyğur türklərinin vəziyyəti də eyni deyil. Türk dünyasının siyasi mərkəzi adlandıra biləcəyimiz Türkiyə hər zaman İraq türkmanlarına dəstəyini ifadə edir, onların haqlı mübarizəsində arxalarında olduğunu bildirir.

Çox təəssüflər olsun ki, Çinin Sincan-Uyğur Muxtar Vilayətində yaşayan uyğur türklərinə qarşı eyni münasibəti türk dövlətlərindən görə bilmirik. Düşünürəm ki, türk dövlətləri yeni geosiyasi reallıqda uyğur türklərinə qarşı aparılan zorakı siyasəti qınamalı və bununla bağlı müəyyən addımlar atmalıdır.

Bir türk qızı olaraq onu deyə bilərəm ki, ABŞ, Fransa, Kanada kimi türk düşmənçiliyini açıq şəkildə biruzə verən ölkələrin öz siyasi maraqları çərçivəsində uyğur türklərindən Çinə basqı vasitəsi kimi istifadə etməsini dərin vicdan yanğısı ilə qarşılayıram. Son olaraq Fransanın Çinin Sincan-Uyğur Muxtar Vilayətində yaşayan uyğur türklərinə qarşı siyasətini soyqırımı kimi tanıması, uyğurlara qarşı soyqırımı pisləyən qanun layihəsinin ölkə parlamentinin aşağı palatası olan Milli Assambleyada səs çoxluğu ilə qəbul edilməsi, əslində, məni bu yazını yazmağa vadar etdi.

Qərbin belə addımlarının uyğur türklərini düşündüklərindən qaynaqlandığını fikirləşmək sadəlövhlük olardı. Ona görə də bu ölkələrin uyğur türklərindən siyasi maraqları üçün istifadə etmələrinin qarşısını almaq və soydaşlarımızın daha da çətin duruma düşməmələri üçün türk dünyası məsələyə əl atmalıdır.

Təmənnemiz odur ki, Türk Dövlətləri Təşkilatının yürüdəcəyi siyasətdə uyğur türklərinin simasında əzilən bütün türklərin hüquqlarının bərpası üçün istiqamətlər olacaq.

Ümid edirəm ki, başda türklər olmaqla yer üzündə haqqı tapdanan hər toplumun hüquqları bərpa ediləcək, zülmkarların tifağı isə ilahi ədalət qılıncı ilə darmadağın ediləcək.

Günel Yaz

Türkmedia.az saytının rəhbəri