Qadını şəxsi həyatı ilə şantaj edib qızıllarını alana hökm - QƏRAR

  • Müəllif: admin
  • 28 Fevral 2018 14:36

Bakıda qadını şantaj edib qızıllarını, pulunu alan Raqif Quliyevə hökm oxunub. Ağcabədi rayon sakini olan Raqif Quliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iki il azadlıqdan məhrum edilib.

Gununsesi.info xəbər verir ki, Raqif Quliyev zərərçəkmiş qadının sevgilisi ilə bir evdə görüşməsindən xəbər tutub və bununla onu şantaj edib. Şantaj yolu ilə də bir neçə dəfəyə ondan 42 min manatlıq pul və qızıl-zinət əşyaları alıb.

Sonuncu dəfə isə 10 min manat tələb edib, amma axırda 3 min dollara razılaşıblar. Elə həmin 3 mini alarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.Əməliyyatı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi keçirib. Çünki qadın görüşdən öncə bu idarəyə şikayət edib.

Şantaj 2017-ci ilin yanvar ayından başlanıb. Həbs olunana qədər təqsirləndirilən Raqif Quliyev qadından pulla yanaşı 2 ədəd brilyant üzük, 1 ədəd brilyant kolye, 10 ədəd qızıl onluq, 9 ədəd qızıl 15-lik, 1 ədəd qızıl 20-lik və qızıl külçələr alıb.

Raqif Quliyevin həbsindən sonra zərərçəkmiş qadına vurulmuş maddi ziyan ödənilib.