
Həsən bəy Zərdabinin əziz xatirəsinə ithaf.
Həmişəki adətimə bu gün də sadiqəm. Günümüzdə baş verən ən mühüm hadisələrdən, olumlar və ölümlərdən xəbərdar olmaq üçün günün başlanğıcında vikipediyaya baş vururam. Bu günümüzün-28 noyabr tarixinin mənim üçün ən yaddaqalan olayı görkəmli maarifçi ziyalımız, milli mətbuatımızın banisi H.B.Zərdabinin vəfatı tarixi, xatirə günü olmasıdır. Azərbaycan tarixinin, mədəniyyətinin nurlu simalarından olan Həsən Bəyin fəaliyyəti, xalqımızın maariflənməsi istiqamətində gördüyü işlərdən az-cox hamı məlumatlıdır. Bu gün bu işıqlı şəxsiyyət yaddaşımızda ən çox milli mətbuatımızın yaradıcısı kimi yaşarı olduğundan elə bu istiqamətdə də ürəyimi boşaltmaq istəyirəm.

Milli mətbuatımızın bu gününü görməz olaydın, Həsən bəy! İki əsr öncə milli mətbuatımızın təməlini “Əkinçi “ilə qoyanda məqsədin xalqını maarifləndirmək idi. Çünki o zaman millətinin ən böyük dərdi savadsızlıq idi. Bu dərddən silahdaşların, məsləkdaşların N.Nərimanov, N.B.Vəzirov, Ə.B.Haqverdiyev, Ü.Hacıbəyov, C.Məmmədquluzadə, M.Ə.Sabir də eyni ağrı ilə yazırdı. Sən isə maarifçilk toxumunu səpmək üçün mətbuat-qəzet nəşr etmək variantını seçdin ki, yazılanları oxumağa çox adamın əli çatsın. Gözün aydın ki, bu gün yazılanları oxumağa hamının əli çatır. Ucqar dağ kəndlərində yaşayanlar belə dünyanın o başından tutmuş bu başına kimi baş verənlərdən xəbərdardırlar. Yazanların, dərc edənlərin, göstərən efirlərin sayı-hesabı yoxdur. Amma nə yazır, nə göstərir XXI əsr Azərbaycan mətbuatı, KİV-i? Ən sensayialı xəbərləri “Qoca”-Fədayə Laçın söhbəti, Elza Seyidcahanın yeni şeirləridir. “Tüpürüm sizə ağac başından” deyən Elza xanım “Tikim sizin ağzınızı” deyimində yanılmayıb düzü. Çünki mediamız şou-biznes əhlinin nə dediyinin, necə dediyinin, necə geyinib necə soyunduğunun, nə yediyinin, kimin kimə ərə gedib xəyanət etdiyinin ümüdinə qalıb. Elza xanım demişkən, araşdırmaçı jurnalistlərin ağzı çoxdan tikilidir. Çünki bu gün Azərbaycan mətbuatında bir dənə də olsun maraqlı araşdırma yazı tapa bilməzsən. Olanlar da cırmaqlama təsiri bağışlayır-yarımçıq, faktsız, tərəfsiz. Ölüm- itim xəbərlərindən savayı nə tapırıq oxumağa?

Yeri gəlmişkən, Allah bu Vüsal Rzasoydan razı olsun ki, “Ayə, hara gedirsən, ayə?” oxudu. İndi biri tərifləyir, biri o ki var, tənqid edərək döşəyir, fərqi nədir, əsas budur xəbər düzəlir!. Amma bu xəbərdirmi? Bu yazılanlardan millətə bir fayda varmı?Hardan başladıq, harda dayandıq? Həsən Bəy, bəlkə yazarlarımızdan sən soruşasan bu gün “Aya, hara gedirsən, ayə?”…
Esmira İsmayılova-Lənkəran.
Gununsesi.info









