SSRİ zamanında bütün respublikalarda izlənən məşhur “Zaman” (Vremya) xəbərlər proqramının 1991-ci ilə aid bir buraxılışı üzə çıxıb.
Gununsesi.org xəbər verir ki, 1991-ci il 14 mart tarixinə aid sözügedən proqram SSRİ lideri Mixail Qorbaçovun “Dağlıq Qarabağda yaşayan Azərbaycan xalqı”na (!!!) müraciəti ilə başlayır.
Müraciətdə bildirilir:
“Əziz yoldaşlar, mən sizə məsuliyyətli və həyəcanlı zamanda müraciət edirəm. Ölkəmizdə, o cümlədən millətlərarası münasibətlər sferasında baş tutan böyük dəyişikliklər çətin gedir. Təəssüf ki, insani qurbanlarla nəticələnən ağır konfliktlərdən qaçmaq mümkün olmayıb. Artıq dördüncü ildir ki, Dağlıq Qarabağda sülh yoxdur. Atışmalar guruldayır, insanlar ölür, qarşılıqlı yadlaşma artır. Bundan sonra nə olacaq? Mən başa düşürəm ki, inciklik, qəzəb və qarşılıqlı intiqamla zəncirvari reaksiyanın qarşısını almaq asan deyil, amma bunu saxlamaq lazımdır.
Burada reallıqdan çıxış etmək vacibdir: Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir! Burada SSRİ və Azərbaycan Respublikası Konstitusiyası işləkdir. Burada ermənilər və azərbaycanlılar birgə yaşayır və çalışırlar. Tarix belə əmr edib və bundan heç yerə getmək mümkün deyil”.
Gununsesi.org