Bu gün Qubadlının işğalı günüdür, rayon 1993-cü ildə erməni işğalçılarının əlinə keçib.
Gununsesi.info xəbər verir ki, sahəsi 80250 hektar olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb. Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda 150-1600 illər arasında olan nadir növlərdən ibarət olan 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.
Məlumatda deyilir ki, erməni işğalçıları rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin su mənbələrini istismara məruz qoyub, özünün qeyri-adi flora və faunası ilə seçilən təbiət guşələrini dağıdıblar.
Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib.
Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.
Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılmış, 13365 hektar meşə sahəsi işğal altında qalıb.
Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.
Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub.
Gununsesi.info