“Gərgin oyun oldu. Hər iki komanda yaxşı oyun sərgilədi. Vacib 3 xal qazandı. Hər oyuna diqqətli yanaşmalıyıq”.
Gununsesiaz.info-nun məlumatına görə, bunları “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, Mahir Emrelinin qırmızı vərəqə alması yaxşı hal deyil: “Söhbətimiz hər bir futbolçu ilə olur. Baxmaq lazımdır ki, orada sarı vərəqəyə zərurət var idimi? Bu gün bəsit sarı vərəqələr aldıq. Daha doğrusu, verdilər. Belə sadə vərəqələr olmaz. Mahirə də dedim ki, diqqətli olsun. Heç kimə şərait yaratmamalıyıq ki, belə vərəqələr versinlər”.
Qurbanov etiraf edib ki, “Sumqayıt”dan belə oyun gözlənilən idi: “İkinci hissədə daha rahat oynadıq. “Sumqayıt” hazırda çempionatın ən maraqlı komandalarından biridir. Oyundan-oyuna daha təhlükəli olurlar”.
Yeni transfer Ovusu Kvabenanın oyununu normal qiymətləndirən Qurbanov qanalı hücumçunun sonradan meydana çıxaraq, matçı sürətləndirdiyini vurğulayıb.
O, Ramil Şeydayevin Azərbaycana yenidən qayıdışı barədə də danışıb: “Bu, bəlkə də çətin sualdır. Bizim üçün yaxşı olardı ki, oyunçularımızın sayı xaricdə daha çox olsun. Amma bəzən situasiyaya görə belə addım atılır. Oyun praktikası çox vacibdir. Əvvəldən belə istəyi olsaydı, yanvarda həmən gələrdi. Görünür, bir neçə variantı olub, amma alınmayıb. Ramilin böyük potensialı var. İşgüzarlığına görə həmişə ondan razı qalmışıq. İnkişaf etmək üçün daha səviyyəli çempionatlarda oynamaq lazımdır. Düşünürəm ki, ətrafındakılar onun inkişafı üçün gələcəkdə daha yaxşı variantları nəzərdən keçirəcəklər”.
Baş məşqçi kapitan Rəşad Sadıqovun millidə baş məşqçi kimi çalışma variantına da toxunub: “Bu, təkliflərdən biridir. İctimaiyyət belə bir rəy bildirib. Bu, elə-belə deyil. Futbolda qoyduğu iz, ona olan hörmət və inamdan irəli gəlir. Ümumiyyətlə, gənc məşqçilərimizə inam böyükdür. Mən isə tam azadam, hazırda “Qarabağ”ın baş məşqçisiyəm”.
Gununsesiaz.info