Qurbanov yorğundur, Gözəl də narazı…

  • Müəllif: admin
  • 29 Oktyabr 2018 15:04

“Qarabağ”ın “Neftçi”yə uduzması əslində son zamanlar Azərbaycan futbolunun ümumi mənzərəsinin açması idi. “Qafqazinfo” xəbər verir ki, bu məğlubiyyətlərin gələcəyinin siqnalını Qurban Qurbanov “Səbail”ə uduzduqları oyunda vermişdi. Məşqçi həmin oyundan sonra “açığı, yorğunluq var” demişdi və bunu Qurbanovun üzündən hiss etmək kimdənsə fenomen olmağı tələb etmir. 

Amma bu yorğunluq təkcə baş məşqçidə deyil, futbolçularda da var. Bu gün Maksim Medvedev, Qara Qarayev və s. futbolçular tükənirlər. Milli komanda, avrokuboklar və çempionat onların gücünü tamamilə alır. Hər cəbhədə bu vəziyyətdə uğur qazanmaq isə mümkün deyil.

Qurban Qurbanov milli komandaya gedərkən ölkənin futbol yükünü bütünlüklə çiyninə aldı. İcraiyyə Komitəsinin də üzvü olan mütəxəssis bu addımdan sonra artıq bir çox klublara, futbolçu limitinə birbaşa müdaxilə edəcəyinə işarə vurmuşdu.  Fikrimcə, yığmanın da ona ehtiyacı var idi və Qurbanov ölkə adına uğur qazana biləcək tək məşqçidir. Sırf onun sayəsində bəlkə milli komandamız əlimizə düşən Millətlər Liqası kimi şansdan istifadə etməyi bacarardı. Hələ ki, üfiqdə işıq görünmür, amma istənilən halda millinin şansları qalır.

“Qarabağ”a gəlincə isə görünən mənzərə odur ki, klubdaxili narazılıq var. Məsələn, Avropa Liqasının 3-cü turunda “Vorskla”ya evdəki məğlubiyyətdən sonra klub prezidenti Tahir Gözəl ilk dəfə narazı danışdı. Bəlkə “Qarabağ” tarixində bundan da bərbad oyunlar olmuşdu, amma heç zaman Gözəl futbolçularının oyunundan narazılıq ifadə etməmişdi. Amma bu dəfə artıq dilə gəlib. Görünür ki, o, Qurbanovun milliyə bu gün daha çox diqqət ayırmasından narazıdır.

“Vorskla” və  “Neftçi” ilə matçlarda əcnəbi futbolçuların performanslarından daha aşağıl səviyyədə çıxış etməsi də diqqət çəkməyə bilməz. Emeqara və Con Delarj bundan əvvəlki oyunlarda da ciddi hansısa oyunla yadda qalmayıb, amma Yakub Jezniçak, mövsümün ən yaxşılarından olan Donald Gerye , Simeon Slavçevin bacardığından xeyli aşağı səviyyədə oynaması xüsusi vurğulanmalıdır.
Qurban Qurbanovun bu qədər yüklənməsinin əsas səbəblərindən biri kimi də həm “Qarabağ”da, həm millidə eyni məşqçilər korpsu ilə işləməsi ilə əlaqələndirmək olar. Bəlkə yığmada fərqli köməkçilərlə çalışmaq Qurbanovun işini bir qədər asanlaşdırardı.

Təbii ki, Qurbanovun uğurlarını, ölkə futboluna verdiyi faydanı gözardı etmək olmaz. İllərdir “Qarabağ”la yazdığı Azərbaycan futbolu üçün şanslı səhifələr yaddaşlardan silinməz.  Amma “Qarabağ”ın 1 aydır ki, qalib gələ bilməməsi artıq Qurbanovun çox yorulduğunun göstəricisidir.

Qarşılaşmaya gəlincə, “Neftçi” hamının əvvəlcədən düşündüyü üsulla rəqibinə qalib gəldi. Demək olar ki, bütün oyunlarda topa daha çox nəzarət edən “Qarabağ”ı əks-hücumlarda yaxlamaqla məğlub etmək olar ki, bakılılar bunu asan şəkildə bacardı. Dario Federiko, Baqali Dabo kimi fərdi ustalığı yüksək olan oyunçuların inamlı oyunu və “Qarabağ”ın müdafiə xəttini çaş-baş salmaları erkən qolları gətirdi. Yəqin ki, Qurbanov özü də bilirdi ki, oyunun əvvəlində əks-hücumlarda erkən qol buraxdıqdan sonra italyan üslubu müdafiə olunan Bordinin komandası ilə qarşılaşmada dönüş etmək çətin məsələdir. Formada olmayan Delarjın start heyətində meydana çıxıb heç nə ilə yadda qalmaması, Emeqaranın zəif çıxışı fonunda düzgün “5-li” müdafiədən oynayan “ağ-qaralar”a qol vurmaq çətindir. Elə saysaq, qarşılaşma ərzində ağdamlılar elə də ciddi qol epizodu yaratmadılar. Yalnız Slavçevin tirdən dönən zərbəsini  siyahıya aid etmək olar ki, bu da standart vəziyyətdən gəlmişdi.

“Neftçi” isə 2-ci hissədə tamamilə nəzarəti rəqibə verib müdaifiəyə çəkilib hesabı qorumağa çalışdı və ara sıra da hücumlara çıxırdı. Mahir Mədətovun meydan sahiblərinin müdafiəçilərinin etdiyi səhvdən yararlanıb ümid yaratması heç 3 dəqiqə çəkmədi. Dabo sonuncu olan ümidləri də öldürdü. “Neftçi” mövsümdə çempionluq iddiasını ortaya qoyduğunu son çempiona qalib gəlməklə göstərdi.
“Qarabağ” isə “yorğunluq zolağı”ndan nə zaman çıxıb özünü göstərəcəyini söyləmək çətindir. Əgər narazılıq varsa, vəziyyət daha da kritikdir…