Rafael Hüseynov yazır: "SON VƏ ƏBƏDİ XAN”

  • By admin
  • 19 Avqust 2017 22:00

xann

BİZİ GÖZLƏYƏN XANSIZ ŞUŞA

Heykəltəraşlarımız hazır olsunlar!
Şuşaya ordumuzun ardınca lap az sonra onlar girməli olacaqlar!
Qranitdənmi, mərmərdənmi yonulmuş Pənahəli xan Cavanşiri çoxdan ayrı düşdüyü Şuşasının Cıdır düzünə at belində, əynində həmin məşhur gülləbatmaz köynəyi heykəltəraşlarımız gətirəcəklər.
O yerdə ki, həyətinin hasarındakı iç və çöl divarlara öz əlilə rəsmlər çəkmişdi, o ev də, o həyət də, o divarlar da əvvəlki görkəmində bərpa ediləcək, həmin evin doqqazında Mir Möhsün Nəvvab dayanacaq, hər gün azad Şuşada bu məhəllədən keçənlər bir anlıq ayaq saxlayaraq ustaddan xeyir-dua ala biləcəklər.
Hacı Hüsü, Məşədi İsi, Keçəçi oğlu Məhəmməd İsa bulağına yaxın bir yerdə, muğamın vəcdinə qapıldıqları məqamlarında görsənəcəklər.
Xan Şuşinski dostlar, qohumlar, pərəstişkarları arasında vaxtilə yay aylarında tez-tez qonaq olduğu həmin get-gəlli Şuşa çayxanasında nərdtaxta oynayacaq, ətrafındakıların hər biri də elə üzdən tanınan məşhur şuşalılar olacaqlar.
Vəfatından az qabaq çəkilmiş kinoxronikada olan sayaq Bülbül sanki üfüqə qovuşurmuş kimi uzanan Şuşa yollarından birinin kənarında dayanıb heyran-heyran dağları seyd edəcək.
Hamısı burda olacaq – bütün Şuşa boyu hara getsən onları görəcəksən.
O unudulmaz insanları ki, hər biri Şuşanın da,Qarabağın da, bütöv Azərbaycanın da rəmzləridirlər.
Həm də bu abidələri mən hündür pyedestallar üstündəki təsəvvür etmirəm.
Bütan bunları eləcə adamların arasında, camaata qarışmış sayaq, altdan yuxarı baxılan deyil, hər kəsin göz-gözə qala biləcəyi heykəllər kimi görürəm.

Molla Pənah Vaqif də burda olacaq, İbrahim xan Cavanşir də, Qasım bəy Zakir də, Xurşidbanu Natəvan da, Nəcəf bəy Vəzirov da, Ağalar bəy Əliverdibəyov da, Üzeyir, Ceyhun, Zülfüqar Hacıbəylilər də, Cabbar Qaryağdı oğlu da, Seyid Şuşinski də, Əbdürrəhim bəy Haqverdiyev də, Səməd bəy Mehmandarov da, Qurban Pirimov sa, Əhməd bəy Ağaoğlu da, Lətif Kərimov da, Süleyman Ələsgərov da, xanəndə Məcid Behbudovla oğlu Rəşid Behbudov da…

Şəhərin hər guşəsinə qovuşan bu abidələrlə Şuşa bir az da nağıllaşacaq, bir az da gözəlləşəcək, bir az da tarixləşəcək, bir az da muzeyləşəcək – Lətif Kərimov yenidən qurulmuş Şuşadakı xalça emalatxanalrının birinin qarşısında duracaq, Hacıbəyli qardaşları musiqi məktəbinin önündə söhbətləşəcəklər, gənc Rəşid Behbudov çiynində içərisi arşın malı ilə dolu heybə həyətlərə sarı boylanacaq, dağ döşündə, gül-çiçək arasında gendən nəzərini çəkən adamlara doğru gedəcəksən – görəsəksən tamaşa oynanır, xalq dastanı “Leyli və Məcnun”dan bir parça göstərilir, saçları arasında quşlar yuva bağlamış cavan Cabbar Qaryağdı oğlu Məcnundur, Leylinin məzarı başında səhnəciyi oynanır, Cabbarı tarda müşayiət edən Sadıqcandır – həmin Mirzə Sadıq Əsəd oğlu, bu səhnəciyin quruluşçusu Əbdürrəhim bəy Haqverdiyev digər Şuşa ziyalıları ilə bir qıraqda dayanıb izləyir, 13-14 yaşlı Üzeyir də baxanlar arsındadır və həmin axşamdır ki, onun ürəyində böyüyəndə musiqiçi olmaq, gələcəkdə dram tamaşalarından fərqli olaraq iştirakçıların danışmaq əvəzinə oxuyacağı bir əsər yazmaq arzusu oyanır…

Avqustun 20-si böyük xanəndəmiz, Şuşanın ən əziz balalarından biri Xan Şuşinskinin doğum günüdür.
Və Xan əmini anaraq Şuşanın sabahını düşünürəm.
O yaralı, o doğmadan doğma Şuşanın ki, hamımız artıq əsrin dörddə biri boyunca dəhşətli qədər uzun müddətdə onun həsrətindəyik.

Dəyərli həmvətənlərim!
Bacılar, qardaşlar!
Sinəsi qubarlı zavallı şuşalılar!
Siz o günü mütləq görəcəksiniz!
Bu gün kağız üzərində cızdığım bu mənzərəyə mütləq şahid olacaqsınız!
Ruhları nigaran o şuşalı böyüklərimiz abidə olub möhtəşəm Qalaya hökmən qayıdacaqlar və sizlərə də mütləq və mütləq qismət olacaq ki, yenidən sevincə, fərəhə bürünən Şuşada o zirvə insanlarımıza salam verəsəiniz, onlara əllərinizlə toxunasınız, qarşılarında dayanıb düşünəsiniz, onlarla dərdləşəsiniz, artıq qorxulu yuxu kimi geridə qalan yaxın keçmişin bir daha heç vaxt təkrarlanmaması üçün nələr etməyin gərək olduğu barədə fikirlərə dalasınız…

Böyük türk şairi Mehməd Akif Ərsoyun “İstiqlal marş”ındakı bu müqəddəs misraların həqiqətinə qəlbən inanıram.
Siz də inanın, əziz yurddaşlarım!

GÜLƏCƏKDİR BİZƏ VƏD ETDİYİ GÜNLƏR HAQQIN,
KİM BİLİR BƏLKƏ SABAH, BƏLKƏ SABAHDAN DA YAXIN!

rafael-nasimi

Rafael HÜSEYNOV,

Millət vəkili, akademik

Gununsesi.info