Rahatlıq gətirən ölüm… - LEYLA NAMAZOVA YAZIR

  • Müəllif: admin
  • 16 İyun 2017 15:53

leyla namazova

Əvvəllər hər şeydən qorxurdum. Ölülərdən də, dirilərdən də, hətta yuxularımdan da. Bəzən gecəyarısı yuxumu qarışdırır, səksəkə içərisində oyanır, səhərə kimi yerimdə qurcalanırdım…

Sevimli baba və nənəmi itirəndən sonra ölümdən qoxmamağa, insan həyatının mahiyyətini öyrənməyə başladım. Nənəm gözümün qabağında canını tapşırdı. Həmin səhnə kino lenti kimi tez-tez gözlərimin önündən gəlib keçir. Olduqca dəhşətli və ürəkağrıdan bir mənzərə idi. Məni sakitləşdirə bilmirdilər. İlk zərbəni həmin gün aldım. Həmin dəhşətli gün ömür təqvimimə qara hərflərlə yazıldı. Gözəl nənəmi itirəndə cəmi 19 yaşım vardı. O vaxt gənc bir qız olduğum üçün həyatı anlamaqda çətinlik çəkirdim. Elə bilirdim ki, insan əbədidir, bütün sevdiklərim qiyamətə kimi mənimlə bir yerdə olacaqlar. Və bir də elə bilirdim ki, ömrümün axırına kimi balaca, şıltaq qız olacam. Hamı nazımı çəkəcək. Daha bilmirdim ki, bu dünya sevdiklərini bir saniyənin içində səndən ala bilər. Gözünü açırsan və onlar daha yoxdur yanında…

2016-cı ildə əziz babam ömrünü başa vurdu. Artıq yaşımın üstünə yaş gəlmiş, həyatda müəyyən təcrübə qazanmışdım. Amma yenə içimdə qəribə bir qorxu hissi vardı. Bunu gizlətməyə çalışsam da, müəssər ola bilmirdim. Babamın nəşinin yanında dayanıb, göz yaşları axıdırdım. Nəyin bahasına olursa-olsun, özümü ələ almağa, şax dayanmağa çalışırdım. Axı daha mən şıltaq qız uşağı deyildim. Bilmirəm, buna nə dərəcədə müvəffəq ola bildim. Bildiyim bircə odur ki, əvvəl nənəmin, sonra isə babamın ölümü mənə həyatı daha dərindən dərk etməyə imkan verdi. Başa düşdüm ki, insanlara sağlığında qiymət vermək, onları sağ ikən sevmək, əzizləmək lazımdır. Ölümdən isə qorxmağa dəyməz. Ölüm haqdır. Dünyanın hansı bucağına üz tutsaq da, Əzrayıl bir gün bizim də qapımızı döyəcək. İndi mən ölümdən qorxmuram. Məni var-dövlət, naz nemət üçün insanların bir-birinə qənim kəsilməsi qorxudur. Məni dost xəyanəti qorxudur. Məni yalan, iftira, ikiüzlülük qorxudur. Ölüm bunların yanında nədir ki? Rahatlıq!!!

Leyla Namazova