REAL partiya oldu, İlqar Məmmədov onun sədri

  • By admin
  • 09 Aprel 2018 16:20

REAL Hərəkatının qurultayı keçirilib. Qurultayda hərəkat partiyaya çevrilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azadlıq Radiosuna qurultay iştirakçılarından Natiq Cəfərli məlumat verib:

«Bu qurultay keçirilmə forması baxımından tarixə düşəcək hadisələrdən biridir. Belə ki, aprelin 7-si və 8-də gerçəkləşən, yəni 48 saat davam edən qurultayın birinci hissəsi onlayn keçirilib. Qurultay nizamnamədən irəli gələrək, açıq səsvermə ilə partiyanın 40 nəfərlik Məclisini, İdarə Heyətini seçib. Partiya sədrliyinə isə alternativ olmayıb. Qurultay nümayəndələri açıq səsvermə ilə hazırda həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovu partiyanın sədri seçib».

N.Cəfərlinin sözlərinə görə, partiya proqram və nizamnaməsinə dəyişikliklər gizli səsvermə ilə olmalı idi. O vurğulayıb ki, aprelin 8-də REAL Hərəkatinin ofisində qurultay nümayəndələrinə seçki keçirmək imkanı yaradılıb.

N.Cəfərlinin deməsinə görə, səsvermə səhər saat 10:00-dan axşam saat 18:00-a kimi davam edib.

N.Cəfərli deyib ki, yaxın günlərdə partiya Məclisi toplanaraq öz rəhbər şəxslərini seçəcək və qurumları təsis edəcəklər.

Gununsesi.info