Rektor: “Sosial şəbəkələr gəncliyimizi məhv edir”

  • By admin
  • 31 May 2020 22:35

 

ABŞ Prezidenti Donald Trampın ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair imzaladığı sərəncam dünyada sosial şəbəkələrlə bağlı mövcud vəziyyəti bir daha gündəmə gətirib.

Gəncə Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov Gununsesi.org-a açıqlamasında Azərbaycanda sosial şəbəkələrdəki durumdan narazılığını ifadə edib.

Rektor gənclərin sosial şəbəkələrdən istifadəsinin yanlış yöndə anlaşıldığını düşünür. Onun sözlərinə görə, əslində sosial şəbəkələrin bütün sahələrdə çalışan insanlar üçün böyük üstünlükləri var: “Amma diqqət etsək , görərik ki, Azərbaycanda sosial şəbəkələrin bu üstünlüklərindən yararlanmaq əvəzinə başqa şeylər güdülür: “Sosial şəbəkələr gəncliyimizi məhv edir, minlərlə gənc telefonla yatır, telefonla da oyanır və çox təəssüf ki, internetin böyük faydalı potensialından yox, iyrənc, ürəkbulandıran şeylərdən, ağ ölüm, qara ölüm, fahişəlik, sayğısızlıq, nifrət təbliğ edilən vasitələrə günlərlə vaxt sərf edirlər. Bu biabırçılığa son qoyulmalıdır”.

İbrahim Cəfərov deyir ki,  insanların sosial şəbəkəni necə, hansı limitdə, hansı məqsədlə istifadə etməsi əsas  məsələdir: “Bu gün dünyanın nüfuzlu şirkətləri, siyasətçiləri özlərinin piarını daha çox sosial şəbəkələr üzərindən qurur. Çünki, hansısa informasiya indiki dövrdə sosial şəbəkə vasitəsilə daha çox əlçatandır. Yaxşı olardı ki, bizim gənclər də bu platformadan ölkənin milli maraqları üçün daha çox yararlansın”.

 

Gununsesi.org