Rio-de-Janeyrodakı Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırıldı - ölkəmizi idmanın 18 növü üzrə 56 idmançı təmsil edir

  • By admin
  • 03 Avqust 2016 21:36

kent

Avqustun 3-də Rio-de-Janeyrodakı Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Gununsesi.info-nun məlumatına görə, mərasimdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, ölkəmizin nümayəndə heyətinin üzvləri, idmançılarımız, XXXI Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin təmsilçiləri iştirak ediblər.

Mərasimdə Braziliyanın milli rəqslərinin ifasından sonra Olimpiya Kəndinin meri Janet Alkeyn çıxıb edərək idmançıları salamlayıb, onlara uğurlar arzulayıb. Sonra Azərbaycanın dövlət himninin müşayiəti ilə bayrağımız qaldırılıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov J.Alkeynə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi avqustun 5-də keçiriləcək. Olimpiadada ölkəmizi idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) təmsil edir. İdmançılardan 36-sı Olimpiya Oyunlarına ilk dəfə qatılıb. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq.

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında isə 24 idmançı ilə təmsil olunacaq. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar.

Ümumilikdə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında rekord sayda – 206 ölkədən 10 min 500 idmançı 306 dəst medal uğrunda mübarizə aparacaq.

Gununsesi.info