Türkiyədə Azərbaycan izi necə itirilir? - SOCAR MÜBARİZ MƏNSİMOVDAN ALDIĞI OTELİN VƏ GƏMİLƏRİN ADINI DƏYİŞİB

  • By admin
  • 19 Dekabr 2017 23:28

 

Bir neçə il bundan əvvəl  Türkiyədə böyük səs-küylə açılışı olan “Baki Plaza” otelinin adı dəyişdirilib.

Gununsesi.info xatırladır ki, qardaş ölkədə yaşayan ünlü iş adamı olan həmyerlimiz Mübariz Mənsimovun sahibi olduğu bu otelin açılışına  Türkiyənin hökumət üzvləri və tanınmış mədəniyyət simaları qatılıb.

Qeyd edək ki, İstanbulun mərkəzində – Ləvənddə dəyəri 150 milyon dollar olan 7 ulduzlu “Baku Plaza” otelinin açılışı həm Türkiyə, həm də Azərbaycan mediasında geniş rezonansa səbəb olmuşdu.

Gununsesi.info-nun xəbərinə görə, sonradan adıçəkilən otel “SOCAR”ın törəmə şirkətlərinə dövr edilib. Ancaq otelin Azərbaycan adına bağlı şirkətlərə verilməsinə baxmayaraq, sürpriz olay yaşanıb. Belə ki, otelin yeni idarəçiləri “Baku Plaza”nı “Hyat Centric” adı ilə əvəzləşdirib.

Həmçinin, otelin içərisində Azərbaycanın tarixi və  qədimi yerlərinin əks olunduğu rəsm əsərləri də yığışdırılıb.

Məsələ ilə bağlı saytımızın araşdırması zamanı daha təəccüblü və inanılmaz mənzərə ortaya çıxıb. Bəlli olub ki, “SOCAR” “Palmali Group”dan aldığı gəmilərin də adını dəyişib. Adı dəyişdirilən gəmilərdən biri də xalq şairi Qabilin adına olan tankerdir. Adı dəyişdirilən yük tankerləri arasında Bəxtiyar Vahabzadənin də adının olduğu bildirilir.

Göründüyü kimi “SOCAR”  Türkiyədə Azərbaycan izini itirməklə məşğuldur.

Məsələ ilə bağlı SOCAR-dan açıqlama almaq cəhdlərimiz isə baş tutmadı.

 

 

Gununsesi.info