
Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun Şirvan Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kasasiya şikayətinə baxacaq hakimin adı bəlli olub.
Bu haqda Gununsesi.info-ya onun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkilin sözlərinə görə, prosesə Ali Məhkəmənin hakimi Gülzar Rzayeva sədrlik edəcək.
Bəhruz Bayramov qeyd edib ki, şikayətdə Rüfət Səfərova bəraət istənilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” Qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlandı.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçildi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə Rüfət Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi. O, azadlığa buraxıldı.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilsə də, Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Xatırladaq ki, Rüfət Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
Gülnaz Qənbərli
Gununsesi.info











