

Bakı-Sumqayıt xəttində sərnişindaşımada nəzarətin gücləndirilməsi, eyni zamanda, texniki standartlara cavab verməyən nəqliyyat vasitələrinin xəttdən çıxarılması digər daha ciddi problemlərə yol açıb.
Belə ki, bu marşrutların xətdən yığışdırlmasından sonra insanlar işə, dərsə və digər işlərinin ardınca getməkdə ciddi çətinliklərlə üzləşiblər. Bəzən insan işə və ya dərsə getmək üçün saatlarla vaxt itirir. Nəticədə işə və ya dərsə gecikən şəxs idarə, müəssisə və ya təhsil müəssisəsi rəhbərliyi tərəfindən töhmət alır, yaxud, digər formada cəzalandırılır. Hətta, elə insanlar olub ki, işə gecikdiyi üçün işini itirməli olub. Çünki müəssisə rəhbərini işçinin necə və ya hansı formada işə gəlməsi maraqlandırmır. Ondan ancaq vaxtında işə gəlməsini tələb edir.
Bunu deməkdə qəsdimiz dövlət qurumlarının hansısa qanunsuz sərnişindaşıma ilə məşğul olanlara bəraət qazandırmaq və ya onların fəaliyyətinə yenidən şərait yaradılmasını tələb etmək deyil. Bizim məqsədimiz aidiyyatı dövlət qurumlarının hər hansı qanunsuzluğun qarşısını alarkən digər vətəndaşlara problem yaratmaması və onların hüquqlarının pozulmamasının qarşısının alınmasıdır. Yəni, istənilən aidiyyatı dövlət qurumları bir probemin həll edərkən digər problemə yol açmamalıdırlar. Çünki bu cür hərəkətlər insanlarda hökumətin siyasətinə ciddi etirazların və narazlıqların yaranmasına gətirib çıxarır.
Adətən belə vəziyyətlərdə aidiyyatı dövlət qurumları vətəndaşların problemini həll etmək üçün xəttə əlavə avtobuslar buraxır və ya yeni marşurut xətti açırlar. Bunu dövlət və ya bələdiyyə qurumları vasitəsi ilə həll etmək olar. Ancaq nə aidiyyatı dövlət qurumları, nə bələdiyyə, nə də digər qurumlar reaksiya verir. Problem isə qalmaqdadır. Ortada isə əziyyət çəkən yenə də sadə insanlar və cəmiyyətin aztəminatlı təbəqəsidir. Aidiyyatı dövlət qurumlarının isə bu məsələyə nə zaman əncam çəkəcəyi bilinmir.
Yaranmış vəziyyətlə bağlı Gununsesi.info olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə davamlı zənglər etsək də, cavab verən olmadı. Bakı Nəqliyyat Agentliyi isə bu məsələnin onların səlahiyyətinə aid olmadığını, bunun ancaq nazirliyin və Sumqayıt Nəqliyyat Agentliyinin səlahiyyətinə aid olduğunu bildirdi.

Məsələ ilə bağlı nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlıya müraciət etdik.
Ekspert Gununsesi.info-ya açıqlamasında bildirib ki, ilk olaraq aidiyyatı dövlət qurumları qanunsuz sərnişindaşıma vasitələrini xətdən yığışdırmazdan öncə vətəndaşalrın rahat gediş-gəlişini təmin etmək üçün xəttə əlavə avtobuslar burxmalı idi:
“Əksinə, aidiyyatı dövlət qurumlarının yarımçıq hərəkəti vətəndaşların kobud surətdə hüquqlarının pozulması deməkdir”.
Ekspert hesab edir ki, yaranmış problemi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, onun tərkibində olan Dövlət Avtonəqliyyat Xidməti və Sumqayıt Nəqliyyat Agentliyi birlikdə həll etməlidir:
“Ona görə ki, Sumqayıtla Bakı arasında böyük yaşayış massivləri var. Orada yaşayanların heç də hamısı dəmiryol nəqliyyatından və yaxud, Bakı-Sumqayıt marşrutlarından istifadə edə bilmirlər. Bu da nəticədə əlavə problemlər yaradır və vaxt itikisinə səbəb olur. O baxımdan bu qurumlar vətəndaşların yolda qalmaması üçün xəttə əlavə avtobuslar buraxmalıdırlar.
Digər ölkələrdə də hər hansı problem yarananda vəziyyətdən bu qaydada çıxırlar.Odur ki, vətəndaşalrın rahat gediş-gəlişi üçün əlavə avtobuslara və ya yeni marşurut xəttinə ehtiyac var. Əgər hansısa sahibkar bu xətdə işləmək niyyəti yoxdursa, o zaman problemin həllini aidiyaytı dövlət qurumları və ya bələdiyyə öz üzərinə götürüb həll etməlidir”.
Ekspertin fikrincə, belə xoşagəlməz hallar Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin yarıtmaz fəaliyyəti nəticəsində meydana çıxır:
“Bu Mərkəzin əsas fəaliyyət prinsiplərindən biri də sərnişindaşımada yaranan problemlərin həll edilməsidir. Ancaq bu təşkilat öz üzərinə işini yerinə yetirmir”.

Mürtəza
Gununsesi.info