“Səbail”in ilk 5 turda topladığı xallar bir çoxlarını aldada bilər”

  • By admin
  • 29 Sentyabr 2019 22:39

“İki fərqli hissə izlədik. İlk yarıda qaçırdığımız epizodlar vardı. Fasilədən sonra üstünlüyü əldən verdik. Rəqibi təbrik edirəm”.

Gununsesi.org-un məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın VI turunda səfərdə “Sabah”a 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

38 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə 4-5 qol epizodundan yararlana bilməyiblər: “İki qolu son dəqiqələrədə buraxdıq. “Sabah” ın ilk 5 turda qalib gəlmədiyini bilirdik. Bizə qarşı tam fərqli motivasiya ilə çıxmışdılar. “Səbail”in vəziyyəti klub olaraq “Sabah”dan fərqlidir. Daha çox eyni heyətlə çıxış edirik. İstədiyimiz oyunu tapa bilmirik. “Səbail”in ilk 5 turda topladığı xallar bir çoxlarını aldada bilər. Bizim üçün çətindir. Bir çox məsələlərdə “Sabah” bizdən üstündür”.

Hacıyevin sözlərinə görə, “Sabah”ın müvəqqəti baş məşqçisi kimi debüt edən İqor Ponomaryovun işinə bir oyuna görə qiymət vermək tezdir:

“Elşad Əhmədovun da vaxtında komanda yaxşı çıxış edirdi. Bu gün onların oyununda böyük dəyişikliklər hiss etmədim. Qol epizodlarından istifadə edə bilsəydik, başqa cür olardı. “Səbail”də eniş yaşandığını deməzdim, üst pillələrdəyik. Çalışacağıq ki, növbəti turda “Neftçi” ilə görüşə daha yaxşı hazırlaşaq. Maykl Essyeni son dəqiqələrdə standart vəziyyətlər üçün meydana buraxdıq. Ancaq bu da alınmadı. İkinci məğlubiyyətimizdir. Ümumən çıxışımızı qənaətbəxş saymaq olar”.

Hacıyev klub rəhbərliyi ilə aralarında heç bir problemin olmadığını söyləyib: “Rəhbərliklə münasibətlər normaldır. Getmək lazım olsa, gedəcəm. Qəti qərar verməyə hər zaman hazıram. İstənməyən yerdə qalmaram. Ancaq hazırda postumdan ayrılmağım müzakirə mövzusu deyil”.

 

 

Gununsesi.org