Sədr müavini: “Bərpada betondan istifadəyə məcburuq, əks halda qurumlarla problem yaranır” MÜSAHİBƏ + FOTO

“Tarixi Xınalıq kəndində evlər o qədər qəzalı idilər ki, insanlar məcbur olduğu üçün buradan köçürdülər. Təbii ki, əhalinin buradan getməsi Xınalıq kəndinin məhvi demək idi. Bildiyiniz kimi, Avropanın əksər yerlərində bu cür kəndlər muzey kimi qeydiyyatdadırlar. Yəni əhali yaşamır, ərazi xarabalıq kimi qalır.

Biz Xınalıqda olan evlərin bərpasından başladıq ki, onlar öz doğma yurdlarını tərk etməsinlər.  Biz istəmirik ki, bura boş muzey kənd kimi qalsın. Dünyada əhalinin yaşadığı və tarixi yerlər azdır. Xınalıq “Yaşayan irs” deməkdir”.

Bunu Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova Oxu.Az-ın suallarını cavablandıran zaman bildirib.

– Xınalıq kəndində evlərin qəzalı halda olması ilə yanaşı, problemlərindən biri də əhalinin məşğulluqla bağlı məsələsidir. Kəndin turizm infrastrukturunun təkmilləşdirilməsi onlara dəstək ola bilərmi?

– Buranın şəraiti nə qədər yaxşı olsa, turistlərin də axını çox olacaq. Təbii ki, Xınalıq kəndinin iqtisadi inkişafına da şərait yaradacaq. Xınalıq kəndində özünəməxsus memarlıq üslubu və coğrafi mövqeyi ilə seçilən 200-ə yaxın evin 155-i kəndin qədim hissəsində yerləşməklə, ənənəvi üsulla tikilib.

Ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. 2020-2021-ci illərdə qəzalı vəziyyətdə olan 16 evin təmir-bərpa işləri aparılıb, onların bünövrə və divarları gücləndirilib.

Uçma təhlükəsi olan divarlar sökülərək yenidən tikilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib. Növbəti mərhələdə daha 44 evin təmiri ilə bağlı qərar verilib. Hazırda 12 evin əsaslı şəkildə təmir və bərpası aparılır. Gələn il hava şəraiti imkan verdiyi aylarda daha 32 evin təmir-bərpa işləri aparılacaq.

Bərpa prosesinin olması insanlarda məşğulluğu təmin edir. Bir məsələni qeyd edim ki, ərazidə çalışan bərpa şirkətinin işçilərinin 70 faizi yerli əhalidir. Kəndə su və kanalizasiya xəttinin çəkilməsi üçün aidiyyəti qurumlara müraciət edilib. Çalışırıq ki, bu problem yeni ildə həllin tapsın.

– Xınalıq kəndinin bərpası üçün yeni metod təklifi varmı?

– Bu gün dünya təcrübəsində bərpa prosesində beton qəbul olunan metodologiya deyil. Təəssüf ki, indiki qanunvericiliyə görə, betondan istifadə etmək məcburiyyətindəyik. Əks halda digər qurumlarla razılaşmada problem yaranır. Ona görə də, biz ilk dəfə nümunəvi olaraq Türkiyə və Avropa ölkələrinin ekspertləri ilə birlikdə Xınalıqda bir evin ənənəvi üsulla bərpa mexanizmi adlı layihə hazırlayırıq.

Yəni Xınalığın ənənəvi materialdan istifadə etməklə, bir ev bərpa ediləcək. Burada palçıq, qum qarışığı və əhəngdən istifadə edib və bir nümunə hazırlanacaq. Yəqin ki, gələn ilin əvvəlində ilkin maket hazırlanacaq və ictimaiyyətə təqdim edəcəyik. Uğurlu alınsa, sonrakı mərhələlərdə burada davam ediləcək bərpa üçün yeni metoddan istifadə ediləcək. Deyərdim ki, bu ölkədə bərpa üçün innovasiya olacaq.

– Azadə xanım, Qarabağın turizm potensialı üçün yeni layihələr hazırlanırmı?

– Təbii ki, Qarabağ zonasında işlərimiz davam etdirilir. Xocavənd rayonunun Tuğ kəndinə ilkin turizm infrastrukturu üçün layihələndirmə işləri aparılır. Artıq ilkin konsepsiyası hazırlanıb. Növbəti ildə artıq bunla bağlı işlər görüləcək. Eyni zamanda, Suqovuşanda park ərazisi salınır. Orada kafe, turizm məlumat mərkəzi olacaq.

İşlər sürətlə gedir və ilin sonuna birinci mərhələnin yekunlaşdırılması planlaşdırılır. Burada da işlər mərhələli şəkildə olacaq. Şuşa rayonunun Daşaltı kəndinin ərazisinin abadlaşdırılması, ilkin turizm infrastrukturu ilə bağlı yeni layihələr hazırlanır. Qarabağ zonasında strategiya xətimiz birdir. Biz həmin ərazilərə səfər edəcək turistlərin ilkin ehtiyaclarını qarşılamaq üçün gərəkli infrastrukturu qurmaqla məşğuluq.

– Agentlik tərəfindən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün planda yeni ərazilər varmı?

– Bizim qurum tabeliyimizdəki dövlət qoruqlarının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün işlər aparırıq. 2022-ci ilin fevralında Dövlət Turizm Agentliyi tərəfindən “Xınalıq Mədəni Landşaftı və Köç yolu” adlı nominasiya sənədi hazırlanaraq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün qurumun Dünya İrs Komitəsinə təqdim edilib. Bu, uzun prosesdir və gələcəkdə belə bir yerlər olarsa, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün təkliflər verə bilərik.

– Rayonlarda turistlərə göstərilən xidmətlərlə bağlı narazılıqlar var. Rayonların turizmin inkişafına əngəl olan səbəblərin araşdırılması nələr planlaşdırılır? 

– Regionların turizm infrastrukturunun inkişaf etdirilməsi agentliyin qarşısında  duran əsas hədəflərindən biridir. Çünki bölgələrimizin regional turizmin inkişafı üçün zəngin potensialı var. Bu potensialın səmərəli istifadəsi üçün müxtəlif istiqamətli işlər görülməlidir. Dövlət qoruqlarda görülən işlərin çoxu dolayısı ilə regionların inkişafına xidmət göstərir. Hazırda Şəki şəhərində də infrastruktur işləri aparılır.

Növbəti illərdə Dövlət Turizm Agentliyi tərəfindən tabeliyindəki qoruqlarda aparılan bərpa və yenidənqurma işlərinin məqsədi turizm potensialı olan kəndlərdə “turistik kənd” konsepsiyalarının hazırlanmasıdır. “Turizm haqqında” qanunda da qeyd edilib ki, “Turizm rekreasiya” zonalarının əsasnamələrinin dəyişməsi və bu istiqamətdə işlərin görülməsi ilə bağlı işlər aparılır. Hazırda daha çox İsmayıllı, Qəbələ, Şəki, Quba, Qusar və cənub istiqamətində turistlərin axını var. Bizim layihələrimizin əksəriyyəti regionlara yönəlikdir.

Gununsesi.info