Məncə, Səidə Bəkirqızının əsl adı Sədrəddin Bəkiroğludur.
Hərdən elə bilirəm ki, Elçin Lənbəranski ilə Səidə Bəkirqızı bacı-qardaşdır. Hər ikisi heç nədən eyni cür qışqırdığına görə deyirəm.
Açığı, əvvəllər həm də elə bilirdim, Səidə xanım “Tomris” olmaq istəyir. Ancaq nə edirsəmsə, onun adı gələndə gözümün qabağına “Erkək Fatma” gəlir.
Baxmayaraq ki, Elçin Lənbəranski ilə oxşarlıq var, Səidə Bəkirqızının qışqırığı bir ayrı aləmdir. Səidə Bəkirqızı tələdir. Onun çığırtısında xüsusi sehr var.
Onun simasına baxanda adamın qulağında müəyyən sözlər səslənir.
Məsələn, “ayə, ə, fışuu, sənnənəm, ə, niyə gedib döyüşmürsən?”, “Ə, sən Azərbaycan kişisisən e, ə”, “Ə, bəsdirin,ə, kişi olun, ə”.
Elə bilirəm, Səidə Bəkirqızı ağlayanda gözlərindən yaş yox, qurd yağı tökülür. Çantasında iynə, kukla gəzdirir, qəribə şamlar yandırır, ərəbcə sözlər deyib adamın üzünə üfürür. Məncə, onun bişirdiyi bütün kələm dolmalarının da altı yanır, əlinin duzu olmadığı üçün, yeməyi həmişə çox duzlu olur, bağladığı şorabaların biri də qalmır, hamısı parta-part atır.
Elə bilirəm, məktəb vaxtı dərsin sonunda müəllimin “kimin nə sualı var?” sözündən sonra sual verən, müəllimin yadından çıxan dərsi onun yadına salan həmin bığlı, çatmaqaş sinif yoldaşımız da o idi.
Onu deyim ki, ictimai bir adamın ölkədə baş verən məsələlərə pis-yaxşı münasibət bildirməyi özlüyündə yaxşı haldır. Ən azından müzakirə yaranır.
Ancaq mövqenin özü Səidə Bəkirqızının onu bildirməyini istəmir. Azərbaycandakı mövqelər bir yerə yığışıb Səidə Bəkirqızıdan qaçmağa çalışsa da, xeyri yoxdur. Səidə xanım dərhal tutub səsləndirir. Ara yerdə mövqenin özü pis vəziyyətə düşür.
Onun haqqında müxtəlif şərhlər var. Kimisi deyir, kiminsə adamıdır, kimisi deyir, travmalıdır. Lakin belə deyil. Səidə Bəkirqızı yox, travma özü Səidə Bəkirqızıdan zərbə alıb. Özü də, dəfələrlə, amansızcasına.
Səidə Bəkirqızı elə adamdır ki, hansı mövzuda danışdığını bəzən mövzunun özü də sonradan öyrənir. Mövzu səhər sakitcə evdən çıxır, günortaya yaxın internetdə görür ki, artıq onun adından üç bəyanat verilib, iki nəfər qınanıb, bir nəfər də vətənə xəyanətdə ittiham olunub.
Onun ən böyük xüsusiyyəti hadisələrdən sürətli olmasıdır. Normal insan əvvəl hadisəni görür, sonra reaksiya verir. Səidə xanım isə əvvəl reaksiya verir, sonra hadisə nə olduğunu öyrənir. Bəzən hadisə özü sonradan xəbər tutur ki, artıq müzakirə olunub.
Əlbəttə, heç kim onun söz azadlığının qarşısını almamalı, hətta ziyanlı fikrinə görə söyməməlidir. Ancaq Səidə Bəkirqızı özü bilməlidir ki, zərrə qədər də ciddiyyəti yoxdur. Nə bir jurnalist, aparıcı kimi, nə də onları dilə gətirən bir xanım kimi. Onun ictimai məzmunlu bütün fikirləri onsuz da əzilmiş xalqı bir daha əzmək, ümidsizliyi daha da dərinləşdirməyə xidmət edir.
Səidə Bəkirqızı və onun timsalında olan hər kəs bir gün özləri açdıqları bu dərinlikdə boğulub öləcəklər.

Orxan Saffari












