Səlim Müslümov Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri seçildi

  • By admin
  • 14 Oktyabr 2016 17:52

selimmm

Azərbaycan Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın ilk iclası keçirilib. İclasda sosial tərəfdaşlar olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya bildiriblər ki, iclasın gündəliyində iki məsələ – Azərbaycan Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyaya birinci il üçün sədrin seçilməsi və Komissiyaya sosial tərəfdaşlardan hər birindən 1 nəfər əlaqələndiricinin təyin edilməsi məsələləri əksini tapıb.

Üçtərəfli Komissiyanın tərkibi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının hər birindən 5 nümayəndə təmsil olunmaqla müəyyən edilib. İclasda Komissiya üzvlərinin yekdil səsverməsi əsasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri seçilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi haqqında 30 sentyabr 2016-cı il tarixdə birgə Qərar imzalanıb.

Ölkəmizdə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması sоsial-iqtisadi inkişafın təmin olunmasında, bir sıra vacib sosial-iqtisadi məsələlərin həllində sosial partnyorların fəaliyyətinin daha sıx formada əlaqələndirilməsinə, işçilərin və işəgötürənlərin hüquqlarının yüksək səviyyədə təmin olunmasında birgə və səmərəli fəaliyyətin qurulmasına, bu sahədə sosial partnyorluğun təkmilləşməsinə xidmət edir.

Gununsesi.info