
Sərnişindaşımada nəzarət gücləndirilir.
Artıq bundan sonra fərdi sərnişin daşıyanlar da gündəlik texniki baxışdan və həkim nəzarətindən keçməli olacaqlar.
Belə ki, yeni qaydaya əsasən qeyri-müntəzəm, yəni, fərdi qaydada öz avtomobili ilə sərnişin daşımaq istəyən şəxslər hər reysə çıxmazdan öncə texniki baxışdan keçməklə yanaşı, onların reysə çıxması üçün sağlamlığı ilə bağlı tibbi arayışı da olmalıdır.
Məsələ ilə bağlı ekspert Ərşad Hüseynova müraciət etdik.
Gununsesi.info-ya açıqlama verən ekspert Ə. Hüseynov bildirib ki, bu tələblər ümumi qaydada öncələr mövcud olmasına baxmayaraq, prosesin tətbiqi mexanizmi yox idi.
“Ancaq son zamanlar fərdi olaraq sərnişin daşıyan şəxslərin avtomobilləri ilə törədilən ağır qəzalar bu sahəyə daha diqqətli yanaşma tələb edir”- deyə, o, bildirib.
Yeni qaydalar Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”ndakı dəyişiklikdə də öz əksini tapıb.
Məsələyə münasibət bildirən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev isə bildirib ki, hazırda buna hansı qurumun nəzarət edəcəyi hələ dəqiqləşməyib.
Bu dəqiqləşmə aparılandan sonra bu qaydaya əməl etməyənlərə nə qədər cərimə tətbiq olunacağı bılınəcək.
Mürtəza
Gununsesi.info












