
Milli Məclisin (MM) İnsan hüquqları, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 20-də keçiriləcək birgə iclasında “Azərbaycan Respublikası Milli Məclisinin deputatının etik davranışı haqqında” yeni qanun layihəsi müzakirə olunacaq.
Bu barədə Gununsesi.info-ya MM-in məlumat verilib.
Qanun layihəsində deputatların etik davranışlarının tənzimlənməsi, etik qaydaları pozacağı təqdirdə nəzərdə tutulan cəzalarla bağlı müddəalar əksini tapıb.
Qeyd edək ki, qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən hazırlanır və sənədin əsas müəllifləri adıçəkilən komitənin sədri Əli Hüseynli və komitə üzvü Vüsal Hüseynovdur.
Qanun layihəsinin müzakirəsi 2016-cı ilin payız sessiyasının gündəliyinə daxil edil sə də, layihə üzərində işlər yekunlaşmadığından 2017-ci ilin yaz sessiyasının gündəliyinə salınıb.
Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq.
Deputatların fəaliyyətinə nəzarət edəcək bu qanun layihəsi 2016-cı ilin 26 sentyabrında qəbul olunmuş Referendum Aktı ilə Konstitusiyaya uyğun hazırlanır.
Referendumda Konstitutsuya edilən dəyişikliklərdən biri də deputatların etik davranış qaydaları ilə bağlı olub.
Konstitusiyaya edilən dəyişiklikdən sonra deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda onun mandatdan məhrum edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda indiyə qədər parlament üzvləri ilə bağlı belə sənəd mövcud olmayıb.
Mürtəza
Gununsesi.info











